XƏBƏRLƏR / Kriminal

Səfərov qardaşları xüsusi amansızlıqla qətlə yetirilib

Yekaterinburqda öldürülmüş qardaşların Azərbaycanda keçirilən ekspertiza nəticələri açıqlanıb

Səfərov qardaşları xüsusi amansızlıqla qətlə yetirilib
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Azərbaycanda ekspertiza: Səfərov qardaşları xüsusi amansızlıqla qətlə yetirilib.

    Azərbaycan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru Ədalət Həsənov Səfərov qardaşlarının ölüm səbəblərindən danışıb.

    Yekaterinburqda qətlə yetirilən 1970-ci il təvəllüdlü Ziyəddin Səfərov aldığı xəsarətlərə görə posttravmatik şok nəticəsində ölüb.

    Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru, professor Ədalət Həsənov bildirib ki, Z.Səfərovun meyitinin xarici müayinəsi zamanı hər iki gözün qansızmaları müəyyən olunub:

    "Sağ gözündə, boyun nahiyələrdə qançırlar, döş qəfəsində assimetrik deformasiya, zolaq şəkilli sıyrıqlar, qarnın sağ səthində qançırlı sıyrıqlar, xayalığın dərisində qeyri-müəyyən formalı qançırlar müəyyən edilib".

    Ə.Həsənov əlavə edib ki, daxili müayinə zamanı başın dəri örtüyündə sərt qansızmalar da müəyyən edilib:

    "Həmçinin döş qəfəsində iki xətt üzrə çoxsaylı sınıqlar var idi. Bununla da hiss olunur ki, sol tərəfdən qabırğalar kobud şəkildə sındırılıb. Diafraqmalarda qansızma, parenetfral sahələrdə qansızmalar müəyyən olunub".

    Birliyin direktoru vurğulayıb ki, Rusiya qardaşların ölüm səbəbini ürək çatışmazlığı kimi qələmə versə də, ekspertiza zamanı başqa travmalar aşkarlanıb:

    "Belə ki, Ziyəddin Səfərovun ölümünə səbəb kimi rus həkim xəstəliyi göstərib. Amma bizim daxili müayinədə aşkar etdiyimiz faktlar tam başqa idi. Başın dəri örütüyünün iç səthində, baş beynin sərt və yumşaq qişalarına qan sızmalar, döş qəfəsinin küt travması, sıxılması, döş qəfəsində iki xətt üzrə sınıqlar var idi. Solda ön tərəfdə və sağda arxa tərəfdə bütün qabırğalar hamısı sınıqdır. Hətta biz qabırğanın birini tapa bilmədik".