Səfir Meksikanın Müstəqillik Gününu Şuşada qeyd etdi
Bu barədə Şuşa şəhər Dövlət Qoruğu İdarəsi sosial şəbəkədə məlumat yayıb
Meksikanın Azərbaycandakı səfiri Maria Viktoriya Romero Kabalero ölkəsinin Müstəqillik Gününü Şuşada qeyd edib.
"Biz Meksika Birləşmiş Ştatlarının 214-cü ildönümünü Şuşa şəhərində qeyd etməkdən və səfir Mariya Viktoriya Romero Kabaleronu Azərbaycanın mədəniyyət paytaxtında salamlamaqdan məmnun olduq. Meksika xalqını bu tarixi gün münasibətilə təbrik edir, onlara davamlı inkişaf və firavanlıq arzulayırıq” - Şuşa şəhər Dövlət Qoruğu İdarəsi.
Qeyd edək ki, hər il sentyabrın 16-sı Meksikada Müstəqillik Günü kimi qeyd olunur.
Bu tarix 1810-cu il sentyabrın 16-da Dolores şəhərində Meksikanın İspaniya hökmranlığından azad edilməsi uğrunda mübarizənin başlanmasına təsadüf edir. Üsyanın lideri 1811-ci ildə müstəmləkə hakimiyyəti tərəfindən tutularaq edam edilən keşiş Migel Hidalqo idi. Bundan sonra hərəkata Xose Mariya Morelos rəhbərlik etdi.
1813-cü ildə üsyançılar tərəfindən çağırılan Chilpancing Konqresi müstəqillik bəyannaməsini və 1814-cü ildə ilk Konstitusiyanı qəbul etdi. Meksikanın müstəqilliyi nəhayət 28 sentyabr 1821-ci ildə elan edildi.