Səfirlərin Xankəndi və Şuşaya səfəri YENİLƏNİB
Nümayəndə heyətini Prezidentin köməkçisi Hikmət Hacıyev müşayiət edir FOTO

14:55
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Xankəndidən Şuşa şəhərinə gəliblər.
Xarici diplomatlar Qarabağın incisi, Azərbaycanın tarixi və mədəniyyətinin simvolu olan Şuşa şəhəri, burada həyata keçirilən bərpa-tikinti işləri ilə tanış olacaqlar.
***
11:54
Xankəndi, Ağdərə, Xocalıya 439 sahibkarlıq subyekti 30 milyon manat investisiya qoyub.
Bunu Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Qarabağ Universitetində diplomatik korpus nümayəndələrinin Xankəndiyə səfəri çərçivəsində çıxışı zamanı deyib.
E.Yusubov bildirib ki, hazırda yerli və xarici investorlar üçün münbit şərait yaradılır: "Bu ərazilərdə 3 mindən artıq şəxs il sonuna kimi işlə təmin olunacaq".
Xüsusi nümayəndə əlavə edib ki, eyni zamanda, Xankəndi Hava Limanının inşası davam edir: "Həmçinin, burada yeni müasir avtomobil, dəmiryolu çəkilir, müasir SES istismara verilir, yaşıl enerji prinsipi əsas götürülərək alternativ enerjidən istifadə genişləndirilir, işğal dövründə qırılmış meşələrin bərpası istiqamətində işlər aparılır".
O qeyd edib ki, Xankəndinin yeni baş planı da hazırlanır: "Bu ərazilərdə müasir infrastruktur işləri həyata keçiriləcək. Minatəmizləmə işləri də sürətlə sistemli şəkildə davam etdirilir. İşğal dövründə dağıdılmış kəndlərimiz bərpa olunur. Xankəndi, Ağdərə və Xocalıda 7 yaşayış məntəqəsində 12 min insanın məskunlaşması təmin edilib. Ballıca kəndinə 136 ailə, Ağdərə rayonunun Həsənriz kəndinə 70 ailə olmaqla 238 sakin, Suqovuşan kəndinə 180 ailə olmaqla 592 sakin köçürülüb. 2025-ci ilin sonuna kimi tam bərpası və əhalinin köçürülməsi nəzərdə tutulan 24 kəndin 8-də layihələndirmə, 16-da bərpa-quruculuq işləri həyata keçirilir".
***
09:51
Diplomatik korpusun nümayəndələrinin Xankəndi şəhərinə səfəri başlayıb.
Nümayəndə heyətini Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonunda xüsusi nümayəndəsi Elçin Yusubov və Qarabağ Universitetinin rektoru qarşılayıb.
Qonaqlar Universitetə baş çəkib, orada yaradılan şəraitlə tanış olublar.
***
09:40
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xankəndi və Şuşa şəhərlərinə səfəri başlayıb.
Nümayəndə heyətini Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir. Nümayəndə heyəti əvvəlcə Füzuli Beynəlxalq Hava Limanına gəlib. Sonra diplomatik korpusun nümayəndələri Xankəndi şəhərinə səfər edəcək, Qarabağ Universitetinin tələbələri ilə görüşəcəklər. Xankəndi şəhəri ilə tanışlıqdan sonra xarici korpusun nümayəndələri Şuşaya şəhərinə səfər edəcək və orada aparılan abadlıq-quruculuq işləri ilə tanış olacaqlar.