Səfirliyimizə hücumun yeni detalları var
Bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib
İrandakı səfirliyimizə hücum zamanı terrorçu özüylə gətirdiyi yanar maddə ilə səfirliyə məxsus nəqliyyat vasitəsinin təkərlərini iki dəfə alışdırıb. Bu barədə Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bu gün keçirdiyi brifinqdə bildirib.
"Terrorçu polisin hadisəyə müdaxilə etməməsindən istifadə edərək əvvəlcədən hazırladığı “Molotov kokteyli”ni səfirlik binasına atmaq istəyib. Daha sonra terrorçu təhqiramiz ifadələr işlədərək səfirliyin binasında diplomatların ailə üzvlərinin yaşadıqları mənzillərin pəncərələrinə davamlı atəş açıb".
Hadisə zamanı səfirlik əməkdaşı Vasif Tağyev özü də terrorçu tərəfindən çiynindən və çənəsindən güllələnib. Belə ki, V.Tağıyev terrorçunun əlindən avtomatı almağa çalışıb. Avtomatın maqazinini çıxarmağa müvəffəq olub. Bu zaman terrorçu cibindən tapança çıxararaq Vasifi güllələyib.
Lakin Vasif ayıq-sayıqlığını itirməməyə çalışıb. O, terrorçunu binadan çıxarmağa nail olub. Ancaq o, divarı uçuraraq yenidən binaya girib. Bu zaman Vasif onu başından dəmir balonla yaralayıb və yenidən binadan çıxmasına müvəffəq olub. 40 dəqiqə ərzində davam edən insidentə İran polisindən reaksiya verilməyib.
"Sosial şəbəkələrdə yayılmış məlumatlarda terror hadisəsinin xronologiyasında bəzi çaşqınlıqlar var, əlavə şərhlərə yol verilir. Videogörüntülərdə xronometraja səhv istinadlar var. Səfirliyin küçəyə baxan kameralarında 24 dəqiqə erkən vaxt qeyd olunub. Bu da bəzi texniki amillərlə mövcuddur. Səfirliyin içində və çölündəki kameralarda zaman fərqi var. Bu zaman fərqi 24 dəqiqəyə bərabərdir”, - deyə XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı Səfirliyinə terror hücumu olub. Nəticədə mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.