XƏBƏRLƏR / İctimaiyyət

Şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut olub YENİLƏNİB

Artıq üçüncü ildir sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur

Şəhidlərin xatirəsinə bir dəqiqəlik sükut olub YENİLƏNİB
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 12:05

    Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi sentyabrın 27-də saat 12:00-da ölkəmizin bütün ərazisində bir dəqiqəlik sükutla yad olunub.

    İnsanlar şəhid əsgər və zabitlərimizin ruhları qarşısında baş əyib, onların xatirəsinə dərin ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər. Sükut dəqiqəsi zamanı dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib.

    Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan edilib.

    Bu gün ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən azad edilmiş ərazilərimizdə anım mərasimləri keçirilir, şəhidlərimiz dərin ehtiramla yad olunur.

    Sentyabrın 27-də saat 12:00-da Ağdam-Xankəndi yolunda Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən səs siqnalları verilib.

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Daxili İşlər Nazirliyinin əməkdaşları şəhid əsgər və zabitlərimizin ruhları qarşısında baş əyib, onların xatirəsinə dərin ehtiramlarını bir dəqiqəlik sükutla ifadə ediblər.

    ***

    Bu gün Vətən müharibəsində canlarından keçən qəhrəman şəhidlərimizin Anım Günüdür.

    Artıq üçüncü ildir sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunur.

    Anım Günü ilə əlaqədar ölkə miqyasında bir sıra tədbirlər təşkil ediləcək, eləcə də ölkəmizin xaricində anım mərasimləri keçiriləcək.

    Saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

    Qazandığımız qələbəyə Azərbaycan Ordusunun 2 908 şəhidinin qanı bahasına nail olunub. 

    Beləliklə, uzun illər erməni işğalı altında olan Azərbaycanın əzəli və əbədi torpaqları azad olunub.