XƏBƏRLƏR / Sağlamlıq

Səhiyyə Nazirliyi yeni peyvənd kampaniyasına başlayır

Bu, payız-qış mövsümündə kəskin respirator virus infeksiyalarının yayılması ilə əlaqədardır

Səhiyyə Nazirliyi yeni peyvənd kampaniyasına başlayır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Qarşıdan gələn payız-qış mövsümündə Azərbaycanda kəskin respirator virus infeksiyalarının (KRVİ) yayılması gözlənilir. Bununla əlaqədar əhali arasında qrip və KRVİ-yə qarşı profilaktik və antiepidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən ölkəyə “Abbott” şirkətinin istehsalı olan mövsümi qripə qarşı tam təhlükəsiz və keyfiyyətli peyvənd preparatları gətirilib.

    Bu barədə Azərbaycan Səhiyyə Nazirliyinin müraciətində deyilir.

    Səhiyyə Nazirliyinin müvafiq əmrinə əsasən, peyvəndləmə 2024-cü il sentyabrın 10-dan başlayacaq.

    “Qış mövsümündə respirator xəstəliklərə tutulma riski yüksək olan insanların (səhiyyə işçiləri, hamilə qadınlar və xroniki respirator xəstəlikləri olan 6 aydan yuxarı şəxslər) qripə qarşı peyvənd edilməsi xüsusilə vacibdir. Bundan əlavə, bu ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən çoxsaylı qonaqların səfəri gözlənilir.

    Əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi yuxarıda qeyd olunan əhali qrupları ilə yanaşı, COP29 tədbirlərində iştirak edən vətəndaşları da mövsümi qripə qarşı peyvənd etməyə təşviq edir.

    Qripə qarşı peyvənd olunmaq istəyən vətəndaşlar yaşadıqları yer üzrə ambulator yardım göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər”, - deyə idarədən bildirilib.