Sel partlamamış sursatlar gətirib
Bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib
“Bir sıra hallarda minalardan təmizlənmiş ərazilərdə yenidən təhlükə ilə üzləşirik. Zəngilan rayonunda yerləşən Vejnəli qızıl yatağının ərazisi minalardan təmizlənmiş və orada tədqiqat və istismara hazırlıq işlərinə başlanılıb. Lakin sonradan sel suları ilə gələn partlamamış sursatlar yenidən təhlükə yaradıb. Bununla əlaqədar hazırda ANAMA tərəfindən həmin ərazilərdə yenidən müvafiq tədbirlər görülür”.
Bunu Milli Məclisdə “Mina Təhlükəsi ilə Mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda ictimai dinləmədə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.
“Əminəm ki, mina probleminin həlli regionda meşə fondunun və biomüxtəlifliyin bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi, milli parkların yaradılması, yaşıllıq massivlərinin artırılması və bununla da işğaldan azad olunmuş ərazilərdə ekosistemin bərpasına, sağlam ətraf mühitin yaradılmasına böyük təkan verəcəkdir”, - o qeyd edib.
Nazir vurğulayıb ki, Bəsitçay və Qaragöl Dövlət Təbiət qoruqlarında, eləcə də Qubadlı, Arazboyu, Laçın və Daşaltı Dövlət Təbiət yasaqlıqlarında bioloji müxtəlifliyin və ekosistemin bərpası uzunmüddətli bir prosesdir:
"İşğal dövründə baxımısız qalmış bu ərazilərdə idarəetmənin qurulması, biomüxtəlifliyinin öyrənilməsi və fəaliyyətinin yenidən təşkil edilməsində mina təhlükəsi ilə bağlı çətinliklər var. Bu səbəbdən digər xüsusi mühafizə olunan təbiət ərazilərində bu işlər növbəti mərhələdə nəzərdə tutulur".