Şəki memarlığının ustası Seyran Məmmədov
Tədbir Çingiz Mustafayev adına Klubda baş tutub
Şəki şəhərində memarlıq və tarix həvəskarları üçün önəmli bir gün yaşanıb.
“Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun baş memarı, uzun illər boyu Şəkinin memarlıq irsinin qorunması və bərpasında misilsiz rol oynayan Seyran Məmmədova həsr olunmuş tədbir keçirilib. Tədbir Şəkidə, Milli Qəhrəman Çingiz Mustafayev adına Klubda baş tutub və ANS Şirkətlər Qrupunun qurucusu Vahid Mustafayev, həmçinin "Yurd Yaddaşı" muzeyinin təsisçisi Xatirə Əkbərova tərəfindən təşkil edilib.
Tədbirə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov və şəhərin memarlıq, mədəniyyət və incəsənət sahəsinə maraq göstərən şəxslər qatılıb. Açılış nitqində Vahid Mustafayev Seyran Məmmədovun Şəki memarlığının qorunmasında və şəhərin tarixi abidələrinin bərpasında göstərdiyi xidmətlərdən bəhs edib. Ardınca memar haqqında çəkilmiş qısa film izlənilib.
Elxan Usubov çıxışında Şəkidə görülən bərpa işlərindən danışaraq UNESCO-nun Dünya Mirası Siyahısına daxil edilmiş tarixi Şəki Karvansarayı, Qala və Xan Sarayı kimi abidələrin bərpası zamanı qarşılaşdıqları çətinlikləri və əldə olunan nailiyyətləri vurğulayıb. Şəhər rəhbəri, həmçinin Şəki Diyarşünaslıq Muzeyinin bərpası işlərinin tamamlandığını və yaxın zamanda muzeyin ziyarətçilərə açılacağını bildirib.
Tədbirdə Seyran Məmmədova Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən fəxri fərman təqdim edilib. Bundan əlavə, Vahid Mustafayev memar üçün xüsusi olaraq Azərbaycanın ilk dəqiq mexanizmlər istehsal edən VMF NF Saat Fabriki tərəfindən hazırlanmış eksklüziv saatı ona təqdim edib.
Seyran Məmmədov çıxışında bu qayğıya görə təşəkkür edərək, Şəkinin tarixi abidələrini və keçmiş memar-bənnalarını unutmamağın vacibliyini qeyd edib. O, Şəki memarlığının Azərbaycanın digər bölgələrindən fərqlənən üslubunu və tarixi binaların fasadlarındakı naxışların xalça bəzəklərinə bənzədiyini vurğulayıb.
Tədbir iştirakçıların səmimi təbrikləri və ürək sözləri ilə yekunlaşıb. Bu tədbir Şəkinin mədəni və memarlıq irsinin yaşadılmasında mühüm bir addım kimi yadda qalıb.
Qeyd edək ki, Seyran Məmmədov 1977-ci ildə İnşaat Mühəndislər İnstitutunun memarlıq fakultəsini bitirib, 1973-77-ci illərdə Bakı Dövlət Layihə institutunda əvvəlcə texnik, sora memar vəzifəsində çalışıb. 1978-79-cu illərdə Diyarşünaslıq muzeyinin elmi işçisi, olub. 1990-cı ildən Mədəniyyət Nazirliyi Elmi bərpa idarəsi Şəki layihə qrupunun rəhbərdir.
S.Məmmədovun başçılıq etdiyi bu qrupun Şəki-Zaqatala bölgəsində abidələrin öyrənilməsi onların bərpa layihələrinin hazırlanmasında böyük rolu var. Şəkidə Cümə məscidi, Yuxarı və Aşağı Karvansaray, Dairəvi məbəd, Şəkixanovların evi və digər abidələrin bərpasını aparıb. Axundov prospektiində ticarət küçəsində fasadların açılması və qoruğun girişində Cümə məscidinin bərpası işlərinə rəhbərlik edib.
Eyni zamanda, Qax və Zaqatala rayonunda məscid və məbədlərin bərpasında da rəhbər kimi çalışıb. Qoruğun bir hissəsinin maketi onun tərəfindən hazırlanıb.
Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı layihə sənədlərinin hazırlanmasında “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun ekspert-mütəxəssisi Seyran Məmmədov da yaxından iştirak edib.