Şimali Kiprdə 267 sərnişini daşıyan gəmi batıb YENİLƏNİR
İndiyə qədər 241 nəfər xilas edilib, 8 nəfər ölüb, 18 nəfərin axtarışı davam etdirilir / VİDEO
07:03
Girne sahillərində aşan bərədə olan 267 nəfərdən 241-i xilas edilib, 8-i isə ölüb. 18 nəfərin axtarış-xilasetmə əməliyyatları davam edir. Axtarış işləri Türkiyədən göndərilən iki PUA və Casa tipli təyyarənin köməyi ilə aparılır.
Bu barədə "TRT Haber" məlumat yayıb.
***
30 avqust 2026-cı il
19:57
Şimali Kiprin Baş naziri Ünal Üstel dəniz qəzasından sonra bütün mövcud resurslarla axtarış-xilasetmə işlərinin davam etdiyini bildirib və gəmi kapitanının və yeddi heyət üzvünün nəzarətə alındığını açıqlayıb.
Üstel qəzanın hər tərəfdən araşdırılacağını və məsul şəxslərin məsuliyyətə cəlb olunacağını bildirib.
***
19:55
Şimali Kipr sahillərində batan gəmi ilə bağlı xilasetmə əməliyyatı davam edir.
İndiyə qədər 237 nəfər xilas edilib, 8 nəfər ölüb.
22 nəfərin axtarışı davam etdirilir.
***
18:54
Girnə şəhəri sahillərində baş vermiş gəmi qəzası ilə bağlı axtarış-xilasetmə işləri davam edir, 7 nəfər həyatını itirib, 237 nəfər xilas edilib.
Bunu Şimali Kiprin Prezidenti Tufan Erhürman bildirib.
"Prioritetimiz itkin düşən 23 nəfəri tapmaqdır", - T. Erhürman deyib.
Onun sözlərinə görə Türkiyə hər zamankı kimi Şimali Kiprin yanındadır və axtarışlara kömək edir: "Təşvişə və spekulyasiyaya səbəb olacaq açıqlamalar vermək doğru deyil. Gəminin batdığı yerdə dənizin dərinliyi 514 metrdir. Dərində işləmək asan deyil. Səthdə və səthə yaxın yerlərdə axtarış aparılır. Dalğıclar bölgədədir, axtarışlar davam edir. Bütün qurumlarımız bölgədədir".
Xatırladaq ki, Şimali Kiprin Girnə şəhəri sahillərində sərnişin gəmisinin batması nəticəsində 7 nəfər ölüb, 237 nəfər xilas edilib.
***
17:02
Şimali Kiprin Girnə şəhəri sahillərində sərnişin gəmisinin batması nəticəsində 7 nəfər ölüb, 237 nəfər xilas edilib.
Bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel məlumat verib.
Hazırda hadisə yerində 23 nəfərin axtarışı və xilas olunması istiqamətində əməliyyat davam etdirilir.
***
16:59
Şimali Kipr Türk Respublikasının (ŞKTR) Baş naziri Ünal Üstel Girnə sahillərində batan bərədə ölənlərin olduğunu, xilasetmə işləri üçün bütün imkanların səfərbər edildiyini bildirib.
Xatırladaq ki, Şimali Kipr Türk Respublikasının (ŞKTR) sahillərində 267 sərnişini daşıyan bərə batıb. Ekipaj heyəti ilə birlikdə gəmidə 279 nəfərin olduğu bildirilir.

***
16:45
Şimali Kiprin Girnə şəhəri sahillərində sərnişin gəmisinin batması nəticəsində 6 nəfər ölüb, 172 nəfər xilas edilib.

"TRT Haber"ə görə, bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel məlumat verib.
Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
***
16:13
Şimali Kipr sahillərində batan gəmi ilə bağlı xilasetmə əməliyyatı davam edir.
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri Ünal Üstel xilasetmə işləri üçün bütün imkanların səfərbər edildiyini bildirib.

ŞKTC Baş naziri gəminin batması nəticəsində ölənlərin də olduğunu qeyd edib.
***
15:35
Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmidən 159 nəfərin xilas edildiyi açıqlanıb.
Bu barədə Girnə şəhərinin meri Murat Şenkul məlumat verib.
M.Şenkul 159 nəfərin xilas edildiyini qeyd edib.
"Gəmidə sərnişin və ekipaj üzvləri olmaqla ümumilikdə 270 nəfər var. Vəziyyət çox ciddidir. Sahil mühafizəsi, "Akgünlerin Express" gəmisi və çoxsaylı kiçik qayıqlar xilasetmə işlərinə cəlb olunub", - mer bildirib.
***
15:17
Şimali Kiprin Girnə şəhəri yaxınlığında 267 nəfəri daşıyan sərnişin gəmisi batıb.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
VİDEO
Məlumata görə, gəmi sahildən təxminən 4 mil (təxminən 6.44 kilometr) aralıda batıb.
Hazırda xilasetmə qrupları tərəfindən axtarış-xilasetmə işləri aparılır.
Hadisənin səbəbi və sərnişinlərin vəziyyəti ilə bağlı əlavə məlumat verilmir.
4 dəqiqə