XƏBƏRLƏR / Qayıdış

Şuşada ailələrə yeni mənzillərinin açarları təqdim olundu

İndiyədək Şuşa şəhərinə 126 ailənin, yəni 491 nəfərin daimi məskunlaşması təmin edilib FOTO

Şuşada ailələrə yeni mənzillərinin açarları təqdim olundu
  • Oxuma müddəti:

    3 dəqiqə

  • Bu gün növbəti köç karvanı ilə Şuşa şəhərinə çatan ailələrə yeni mənzillərinin açarları təqdim olunub.

    21 ailə olmaqla, 85 nəfər Şuşa sakini doğma yurduna qovuşub.

    Açarların təqdim olunma mərasimində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzov, Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

    Ailələr sevinc hissi ilə mənzillərinin açarlarını təhvil alaraq, yeni evlərində məskunlaşıblar.

    ***

    14:16

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin Şuşa şəhərinə qayıdışı davam edir. İyunun 12-də səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonundan yola salınan növbəti köç karvanı Şuşa şəhərinə çatıb.

    Şuşa şəhəri doğma sakinlərini qarşılamağa davam edir. Bu gün 21 ailə olmaqla, 85 nəfər Şuşa sakini öz yurduna qovuşub. Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

    Şuşa şəhərinə çatan ailələr böyük coşqu ilə qarşılanıblar, onlar doğma yurda qovuşmağın sevincini yaşayıblar.

    Bununla da Şuşa şəhərində 126 ailənin, yəni 491 nəfərin daimi məskunlaşması təmin edilib.

    ***

    08:10

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı yola salınıb.

    Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı iyunun 12-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə 21 ailə - 85 nəfər köçürülüb.

    Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Şuşa şəhəri sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

    Xatırladaq ki, indiyədək Şuşa şəhərinə 126 ailənin, yəni 491 nəfərin daimi məskunlaşması təmin edilib.