XƏBƏRLƏR / Hərbi

Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib

YENİLƏNİB / FOTO / VİDEO

Şuşada müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
  • Oxuma müddəti:

    5 dəqiqə

  • 13:57

    Şuşa şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler və Gürcüstanın baş nazirinin müavini, müdafiə naziri cənab İrakli Çikovani arasında 13-cü üçtərəfli görüş keçirilib. 

    VİDEO

    Üçtərəfli görüşün açılış mərasimində Azərbaycan Respublikasının müdafiə naziri salamlama çıxışı edib. Ötən il Türkiyədə, ondan əvvəlki ildə isə Gürcüstanda keçirilən görüşləri xoş təəssüratlarla xatırlayan general polkovnik Z.Həsənov  xüsusi olaraq qeyd edib ki, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə davam etməsində dövlət başçılarının səmimi dostluq münasibətlərinin rolu əvəzsizdir.
    Bildirib ki, məhz onların birgə səyləri nəticəsində Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatı, artıq digər ölkələr üçün nümunə ola biləcək uğurlu regional əməkdaşlıq mexanizminə çevrilərək sülhə, təhlükəsizliyə və sabitliyə böyük töhfələr verməkdədir.

    Azərbaycan və Gürcüstanın müdafiə nazirləri baş vermiş təyyarə qəzasında şəhid olan hərbi qulluqçularla bağlı bir daha türkiyəli həmkarına başsağlığı verərək türk xalqının dərdinə şərik olduqlarını ehtiramla bildiriblər.

    Keçirilən görüşdə xalqlarımızın əsrlər boyu mehriban qonşuluq və dostluq şəraitində yaşadığı, bu gün də dövlətlərimiz arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi qeyd olunub. 
    Bildirilib ki, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq xalqlarımızın rifahının təmin olunması baxımından böyük önəm kəsb edir.

    Görüşdə müasir dövrün çağırışları, eləcə də regionumuzun təhlükəsizliyinə təhdid törədə biləcək amillərlə mübarizədə səylərin birləşdirilməsinin vacibliyi qeyd olunub.

    Müdafiə nazirləri üçtərəfli təlim və treninqlərin əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar.

    Müdafiə sahəsində üçtərəfli əməkdaşlığın genişlənməsinin sadəcə ölkələrimiz üçün deyil, eləcə də bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə də faydalı olacağına əminlik ifadə olunub.

    Tərəflər hərbi qulluqçularımızın iştirakı ilə keçirilən “Eternity”, “Qafqaz Qartalı”, həmçinin digər birgə təlimlərin vacibliyini vurğulayaraq, bu tədbirlərin əməkdaşlıq, təcrübə mübadiləsi və ordularımızın müdafiə qüdrətinin yüksəlməsində mühüm rol oynadığını bir daha qeyd ediblər.

    Eyni zamanda nazirlər, hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığı müzakirə edib, üçtərəfli əlaqələrin genişləndirilməsi perspektivləri ilə bağlı təkliflər, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

    Sonda üçtərəfli görüşün yekununa dair protokol imzalanıb və media nümayəndələri üçün mətbuat konfransı keçirilib.

    Konfransda general-polkovnik Zakir Həsənov keçirilən görüşlərin faydalı olduğunu vurğulayaraq ölkələrimiz arasında əməkdaşlığın inkişaf dinamikasından razılıq bildirib, tərəflərin bu əlaqələrin bundan sonra daha da genişləndirilməsi və dərinləşdirilməsi niyyətində olduqlarını qeyd edib.3:55

    ***

    12:15


    Şuşa şəhərində Azərbaycan, Gürcüstan və Türkiyə respublikalarının müdafiə nazirlərinin iştirakı ilə görüş keçirilib.

    Görüşdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər və Gürcüstanın müdafiə naziri İrakli Çikovani iştirak ediblər.

    Tərəflər üç ölkə arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın aktual məsələlərini müzakirə edib, qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıblar.


    Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Gürcüstanın baş nazirinin müavini – müdafiə naziri İrakli Çikovaninin sədrliyi ilə keçirilən görüşün yekununda hər üç nazir tərəfindən birgə kommünike imzalanıb.