Şuşada simpozium keçirilir YENİLƏNİB / FOTO
Simpoziumda Azərbaycanla yanaşı, Türkiyə, Misir, BƏƏ, İtaliya, Böyük Britaniya və s.-dən olan memarlar iştirak edir
14:42
“Şuşa –2024-cü il İslam dünyasının mədəniyyət paytaxtı” ili çərçivəsində 11 oktyabr 2024-cü il tarixindən etibarən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, İCESCO-nun dəstəyi ilə Şuşa şəhərində “Şuşa şəhərinin islam memarlıq irsi“ adlı simpozium öz işinə başlayıb. 13 oktyabr tarixinədək davam edəcək simpoziumda Azərbaycanla yanaşı, Türkiyə, Misir, BƏƏ, Tunis, Keniya, İordaniya, İtaliya, Mərakeş, Səudiyyə Ərəbistanı, Böyük Britaniyadan olan 80-dən çox memar iştirak edir.
Bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən xəbər verilib.
Simpoziumun ilk günü Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin icraçı direktoru Tural Novruzov və qoruğun memarları əcnəbi memarları Şuşa şəhərinin tarixi-memarlıq abidələri, bərpa olunan məscidləri, qala divarları ilə yaxından tanış ediblər. Qədim tarixi mədəniyyət abidələri ilə zəngin olan Şuşa şəhərinin bərpası istiqamətində bu gün həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri və abadlıq, quruculuq, yenidənqurma işlərinin davam etdirilməsi barədə qonaqlara geniş məlumat verilib, şəhər gəzintisi təşkil edilib.
Simpoziumun açılış mərasimində Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini İlqar İsbatov, UNESCO-nun nümayəndəsi Pietro Laureano, İCESCO rəsmisi Bilal Çələbi çıxış edərək, Şuşa memarlığının özəlliyi, İslam dünyası memarlığının tarixi və önəmi baxımından bu tədbirin memarlıq sahəsinin inkişafı üçün böyük töhfə olacağını bildiriblər.
Simpoziumda Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzov, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Heydər Əliyev Fondunun, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları iştirak ediblər.
Simpoziumun növbəti günləri panel müzakirələri ilə davam edəcək. Panel sessiyalarda “Tarixi şəhər toxumasının regenerasiyası”, “Abidələrin müasir həyatı”, “Dayanıqlı memarlıq, material, layihə , icra” mövzularında müzakirələr aparılacaq.
***
13:20
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin təşkilatçılığı, ICESCO-nun dəstəyi ilə Şuşa şəhərində “Şuşa şəhərinin islam memarlıq irsi” adlı simpozium işə başlayıb. Simpozium Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar hazırlanan tədbirlər planı çərçivəsində keçirilir.
Simpoziumda Azərbaycanla yanaşı, Türkiyə, Misir, BƏƏ, Tunis, Keniya, İordaniya, İtaliya, Mərakeş, Səudiyyə Ərəbistanı və Böyük Britaniyadan olan 80-dən çox memar iştirak edir.
Simpozium panel müzakirələrlə davam edəcək. Panel sessiyalarda “Tarixi şəhər toxumasının regenerasiyası”, “Abidələrin müasir həyatı”, “Dayanıqlı memarlıq, material, layihə, icra” mövzularında müzakirələr aparılacaq. Simpozium oktyabrın 13-də başa çatacaq.
Qeyd edək ki, simpoziumun ilk günü – oktyabrın 11-də Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İcraçı direktoru Tural Novruzov və qoruğun memarları əcnəbi memarları Şuşa şəhərinin tarixi-memarlıq abidələri, bərpa olunan məscidləri, qala divarları ilə yaxından tanış ediblər. Qədim tarixi mədəniyyət abidələri ilə zəngin olan Şuşa şəhərinin bərpası istiqamətində bu gün həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri və abadlıq, quruculuq, yenidənqurma işlərinin davam etdirilməsi barədə qonaqlara geniş məlumat verilib, şəhər gəzintisi təşkil olunub.