Şuşanın su təchizatı və kanalizasiya sistemi yenidən qurulur

VİDEO

  • Oxuma müddəti:

    2 dəqiqə

  • Şuşa şəhərində su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur.

    Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.

    Bildirilib ki, Daşaltı kəndi yaxınlığında Zarıslıçay çayının məcrasında 25 min kubmetr tutuma malik sutoplayıcı anbar, nasos stansiyası və 2,9 km uzunluğunda, 159 mm diametrli təzyiqli su kəməri inşa edilib. Bundan əlavə, Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,2 km-lik hissəsi 530-426 mm diametrli yeni borularla əvəz olunub.

    Görülən işlər nəticəsində yeni mənbədən şəhərə verilən su vasitəsilə dövlət qurumlarının inzibati binaları, hotellər, ictimai-iaşə müəssisələri və digər obyektlər fasiləsiz içməli su ilə təmin edilib.

    Şuşa Sukanal Sahəsinin baş mühəndisi Pərviz Məhərrəmov bildirib ki, şəhərə su iki əsas mənbədən – Zarıslıçay və Kiçik Kirsdən daxil olur. “Zarıslıçay mənbəyində aparılan yenidənqurma işləri çərçivəsində bənd tikilib və nasos stansiyası quraşdırılıb”.

    Məlumatda mövcud sutəmizləyici qurğunun məhsuldarlığının artırıldığı da vurğulanır. Bu məqsədlə 12 ədəd qum süzgəci, daxili kommunikasiya xətləri, reagent təsərrüfatı və digər avadanlıqlar tamamilə bərpa olunub. Qurğunun gündəlik emal gücü 2 min kubmetrdən 5 min kubmetrə çatdırılıb. Həmçinin, ümumi həcmi 6 000 kubmetr olan 3 su anbarından birinin tikintisi başa çatdırılıb.

    Bununla yanaşı, Vətən müharibəsindən sonra erməni işğalı zamanı ziyan çəkmiş “Xan qızı” bulağı bərpa edilərək sakinlərin və qonaqların istifadəsinə verilib.

    Hazırlanan perspektiv plana əsasən, Şuşa şəhərinin su təchizatı və kanalizasiya sistemləri genişləndiriləcək. Layihə çərçivəsində 24 km uzunluğunda magistral su kəməri, 44 km içməli su şəbəkəsi, 42 km tullantı su və 41 km yağış su şəbəkələri inşa ediləcək. Bundan əlavə, sutkada 8 000 kubmetr tullantı suyu tam təmizlənərək ekoloji mühitə zərər vermədən Qarqar çayına axıdan qurğu tikiləcək.

    Şuşa şəhərində su təchizatı SCADA sistemi vasitəsilə onlayn rejimdə idarə olunacaq. Bu sistem suyun mənbədən götürülməsi, nəqli, anbarların səviyyəsinin monitorinqi və digər hidravlik prosesləri əhatə edəcək.

    Görülən işlər Şuşa şəhərinin uzunmüddətli inkişafını təmin etməklə yanaşı, sakinlərin və qonaqların həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq.