Azad edilmiş ərazilərə qayıdan əhali üçün "Qaynar xətt"
"Xətt" Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdində yaradılıb
“Böyük Qayıdış” Dövlət Proqramının Tədbirlər Planına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə qayıdan əhaliyə dəstək məqsədilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində xüsusi “Qaynar xətt” yaradılıb.
Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, ilkin olaraq bu strukturun əməkdaşları “qaynar xətt”in fəaliyyət qaydası ilə bağlı təlimatlandırılıb.
Nəzarətçi Emin Mahmudov qeyd edib ki, vətəndaşlar bütün telefon operatorları vasitəsilə 1657 nömrəsinə zəng edərək işğaldan azad edilmiş ərazilərə qayıtmaları və Dövlət Komitəsinin digər fəaliyyəti ilə bağlı məlumat ala biləcəklər.
Zənglər avtomatik cavablandırılacaq.
Qaynar xətt iş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərəcək.
Dövlət Komitəsi operatorlar üçün lazımi texniki avadanlıqla təchiz olunmuş xüsusi kabinet ayırıb. “Qaynar xətt” artıq fəaliyyət göstərir və vətəndaşların müraciətlərini qəbul edir.