Siyasi partiyalara qarşı yeni cərimələr tətbiq edilib
Yeni cərimələr Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilib
Azərbaycanda siyasi partiyalar haqqında qanunvericiliyin pozulmasına görə yeni cərimələr müəyyən edilir.
İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişiklik layihəsi bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə edilib .
Təklif olunan yeniliklərə əsasən, Azərbaycan ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının yaradılmasına və ya fəaliyyətinə görə fiziki şəxslər 700 manatdan 1000 manatadək, vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək, hüquqi şəxslər isə 6 000 manatdan 8 000 manatadək cərimə olunacaqlar.
Səlahiyyət müddəti bitmiş siyasi partiya orqanları tərəfindən qərar qəbuluna və ya sənədlərin imzalanmasına görə fiziki şəxslərə qarşı 700 manatdan 1000 manatadək cərimə tətbiq ediləcək.
Siyasi partiya üzvlərinin reyestrində sonrakı dəyişikliklər barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilməməsinə görə vəzifəli şəxslər 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 2000 manatdan 3000 manatadək cərimə ediləcəklər.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin partiyaya qəbuluna görə vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək cərimələnəcəklər.
Digər ölkələrin partiyaları ilə sazişin imzalanması və beynəlxalq təşkilatlara daxil olması barədə dövlət orqanına məlumat verilməməsinə görə vəzifəli şəxslər 500 manatdan 700 manatadək, hüquqi şəxslər 1500 manatdan 2000 manatadək cərimələnəcəklər.
Bu il yanvarın 11-də qüvvəyə minən yeni qanun bir çox müxalifətyönlü siyasi partiyaların kəskin tənqidinə səbəb olub. Onlar hesab edirlər ki, yeni qanun siyasi fəaliyyətin məhdudlaşdırılmasına və müxalifət partiyalarının ləğvinə yönəlib.
Azərbaycanın yerli müstəqil ekspertləri hesab edirlər ki, qəbul edilmiş qanun demokratik standartlara uyğun deyil və dəyişdirilməlidir. Avropa Şurası Venesiya Komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu da sənədlə bağlı mənfi ekspert rəyi verib.