Slovakiya Prezidenti İlham Əliyevlə Qarabağda görüşəcək
Peter Pelleqrini iyulun 13-də Azərbaycana rəsmi səfər edəcək
Slovakiya Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyevin dəvəti ilə iyulun 13-də Azərbaycana rəsmi səfər edəcək.
Slovakiya mediası xəbər verir ki, bu barədə Slovakiya Prezidentinin Dəftərxanasından bildirilib.
Səfər Azərbaycan Prezidentinin ötən ilin dekabrında Slovakiyaya baş tutmuş tarixdəki ilk rəsmi səfərinin davamı olacaq.
P.Pelleqrini ilə birlikdə Azərbaycana, Baş nazirin müavini, müdafiə naziri Robert Kalinyak, Baş nazirin müavini, iqtisadiyyat naziri Denisa Sakova, daxili işlər naziri Matuş Şutay Eştok və Slovakiya Milli Bankının rəhbəri Peter Kajimir gələcəklər.
Prezident aparatından bildirilib ki, "Əsas məsələ Slovakiya Prezidenti Peter Pelleqrini ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında çərşənbə axşamı Qarabağ bölgəsində keçiriləcək görüş olacaq. Müzakirə mövzuları əsasən enerji əməkdaşlığının dərinləşdirilməsi, Slovakiya ixracının dəstəklənməsi, sənaye və texnoloji əməkdaşlığın inkişaf etdirilməsi, ölkələr arasında nəqliyyat əlaqələrinin yaxşılaşdırılması, eləcə də münaqişədən təsirlənən ərazilərin yenidən qurulması və inkişafı layihələrinə Slovakiya tərəfdaşlarının cəlb edilməsi imkanlarını əhatə edəcək".
Bundan başqa, Slovakiya lideri Ağdam rayonuna səfər edəcək, orada Baş Qərvənd kəndindəki "Ağıllı kənd" ("Smart Village") layihəsi ilə tanış olacaq və Milan Rastislav Ştefanik adına yeni məktəbin təməlqoyma mərasimində iştirak edəcək.
1 dəqiqə