Slovakiyanın Baş nazirinin son vəziyyəti YENİLƏNİB
Mayın 15-də Robert Fitsoya sui-qəsd olub
14:43
Slovakiya polisi 71 yaşlı Levitsa sakini Yuray Çintulanı Baş nazir Robert Fitsonun həyatına qəsddə ittiham edib. Bu barədə TA3 telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, hökumət başçısını güllələyən şəxsi 25 ildən ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
Öz növbəsində “Noviny” telekanalı polisin Çintulanı qisas məqsədilə qəsdən adam öldürməyə cəhddə ittiham etdiyini bildirib. Slovakiya hakimiyyətinin nümayəndələri sui-qəsdin siyasi motivlərlə həyata keçirildiyini bildiriblər.
Media yazır ki, Robert Fitso hadisələrin oxşar inkişafını bir ay əvvəl proqnozlaşdırmışdı. Aprel ayında "Facebook" səhifəsində həmvətənlərinə videomüraciətində o, respublikanın hökumət koalisiyasının partiyalarından olan aparıcı Slovak siyasətçilərindən birinə sui-qəsd riskini etiraf etmişdi.
Baş verənləri şərh edən ekspertlər Slovakiyanın Baş nazirinin təhlükəsizliyinin fiaskosundan danışırlar. Onlar hesab edirlər ki, mühafizəçilər peşəkarcasına hərəkət etsəydilər, siyasətçi xəsarət almadan qala bilərdi və ya bir neçə deyil, yalnız bir zədə ala bilərdi. Bir neçə atış oldu və birincidən sonra Fitsonu bədənləri ilə qorumalı oldular.
"Bu, uğursuzluqdur" deyən Slovakiya polisinin keçmiş rəhbəri Stefan Hamran mühafizəçilərin hərəkətlərini şərh edərək, mühafizəçilərin fövqəladə vəziyyətdə çaşqınlıq içində olduqlarını və mühafizə xidmətinin dövlət məmurlarının mühafizəsi tələblərinə uyğun hərəkət etmədiklərini qeyd etdi.
Slovakiya mətbuatı da yazır ki, Slovakiyanın Baş nazirini yeni cərrahi əməliyyat gözləyir. Çərşənbə günü beş saat davam edən əməliyyat zamanı həkimlər Fitsonun qarın boşluğundakı qanaxmanı dayandıra biliblər. Qan durulaşdıran dərmanlar problem yarada bilər. Baş naziri omba oynağından əməliyyat gözləyir.
***
11:49
Mayın 15-də odlu silahdan açılan atəşlə sui-qəsdə məruz qalan Slovakiyanın Baş naziri Robert Fitso üçün həyati təhlükə sovuşub.
Bu barədə məlumatı Baş nazirin müavini Tomaş Taraba mətbuata verdiyi açıqlamada təsdiqləyib. Bildirilib ki, ağır yaralanmış Baş nazirin vəziyyəti bir neçə saat davam edən əməliyyatdan sonra sabit olaraq qiymətləndirlir və 59 yaşlı siyasətçi əməliyyatdan sonra tam ayıq vəziyyətdədir.
Mətbuatda yayılan ilk məlumatlarda Baş nazirin bir güllə yarası aldığı bildirilsə də, sonradan verilən açıqlamalarda güllə yaralarının sayının üç olduğu qeyd edilib.
İlkin məlumatlara görə, hadisəni törədən 71 yaşlı şəxs yazıçıdır və qanuni şəkildə silah saxlama hüququna malik olub. Onun hökumətin siyasəti ilə razı olmadığı və sui-qəsdin siyasi motivlər əsasında törədildiyi ehtimal olunur.
***
09:45
Slovakiyanın baş nazirinin əməliyyatdan sonra həyatı hələ də təhlükə altındadır. Bu barədə "Markiza" telekanalı xəbər verir.
Xatırladaq ki, mayın 15-də Slovakiya hökumətinin səyyar iclasının keçirildiyi binanın qarşısında atışma olub.
Slovakiyanın Baş naziri Robert Fitso Bratislavada hökumət binasında baş verən atışma nəticəsində yaralanıb və təcili xəstəxanaya yerləşdirilib və dərhal əməliyyat olunub.
Roberto Fikoya qarşı sui-qəsd cəhdində müxalif Tərəqqiçi Slovakiya Partiyasının tərəfdarı Yuray Çintula şübhəli bilinir və o, saxlanılıb.