XƏBƏRLƏR / Kriminal

Məhəmməd M., Qabil M. və Elşad M. istintaqa çağırılıb FOTO

Baş Prokurorluqdan verilən məlumatda başqa adlar da var

Məhəmməd M., Qabil M. və Elşad M.  istintaqa çağırılıb FOTO
  • Oxuma müddəti:

    19 dəqiqə

  • Məhəmməd Mirzəli, Qabil Məmmədov və Elşad Məmmədov Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.

    Baş Prokurorluqdan İTV-yə verilən məlumatda bildirilir ki, Baş Prokurorluğunun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxslər Mirzəli Məhəmməd Fazil oğlu, Məmmədov Qabil Əmrah oğlu və Məmmədov Elşad Tofiq oğluna Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.

    Təqsirləndirilən şəxs 27.05.1976-cı il təvəllüdlü Mirzəli Məhəmməd Fazil oğlu şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 21 aprel 2025-ci il tarixdə, saat 11:00-da, təqsirləndirilən şəxs 15.05.1977-ci il təvəllüdlü Məmmədov Qabil Əmrah oğlu şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 17 aprel 2025-ci il tarixdə, saat 10:00-da, təqsirləndirilən şəxs 27.05.1976-cı il təvəllüdlü Məmmədov Elşad Tofiq oğlu isə şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 15 aprel 2025-ci il tarixdə, saat 10:00-da Baş Prokurorluğun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.Məhəmməd Mirzəlinin Cinayət Məcəlləsinin 220.2 və 281.1-ci maddələri ilə 02 iyun 2018-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib. Qərara əsasən, onun 2018-ci ilin əvvəllərində Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Məhəmməd Mirzəli istintaqdan qaçıb gizləndiyi üçün 02 iyun 2018-ci il tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Qabil Məmmədov Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 182.2.1, 182.2.4, 214.2.1, 214.2.2, 214.2.3, 214-1, 214-2, 32.3, 34.2, 233, 32.3, 34.2, 315, 32.3, 34.2, 186.2.1, 32.3, 34.2, 186.2.2, 32.3, 34.2 və 127.2.1-ci maddələri ilə təqsirləndirilir.

    Qabil Məmmədovun Azərbaycan Respublikası ərazisində 2015-2017-ci illər ərzində ayrı-ayrı şəxsləri müxtəlif dövlət qurumlarına işə düzəldəcəyi, onlara pensiya və sosial müavinət verilməsini təmin edəcəyi ilə aldadıb etibarlarından sui-istifadə etməklə 10 nəfər şəxsə məxsus ümumilikdə 29.597 manat məbləğində nağd puldan ibarət özgə əmlakını ələ keçirib zərər çəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etməsinə, bundan başqa, 30.06.2019 və 21.10.2019-cu il tarixlərdə internet informasiya resurslarında Azərbaycan Respublikası ərazisində qabaqcadan əlbir olduğu digər şəxslərlə birlikdə terrorçuluq cinayət əməllərinin törədilməsinə yönələn açıq çağırışlar etməsi və bu cür məzmunlu materialları açıq olan internet resurslarında yaymaqla terrorçuluq hərəkətlərini çıxışlarında ifadə etməsinə, həmçinin, 2019-cu ilin əvvəllərindən 2020-ci ilin aprel ayınadək olan müddət ərzində qabaqcadan əlbir olduğu digər şəxslərlə birlikdə müxtəlif valyutalarda 10.000 manat pul vəsaitini birbaşa və dolayı yolla “WhatsApp” proqramı üzərindən Azərbaycan Respublikasında olan şəxslərə terrorçuluq məqsədilə göndərməklə terrorçuluğu maliyyələşdirilməsinə yönələn hərəkətlər edilməsinə, eyni zamanda 14.07.2020-ci il tarixdə qabaqcadan əlbir olduğu digər şəxslərlə birlikdə Azərbaycan Respublikasında ictimai sabitliyin pozulmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, hakimiyyət nümayəndəsinin qanuni tələblərinə tabe olmamaqla əlaqədar olan və nəqliyyatın, təşkilatın normal fəaliyyətinin pozulmasına səbəb olan, hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərilməsi və xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar onlara qarşı zor tətbiq edilməsi ilə bağlı, habelə öz qulluq borcunu yerinə yetirən zərərçəkmiş şəxsin əmlakını qəsdən məhv etmə və zədələməklə ağır nəticələrə səbəb olan və ziyan vuran cinayətin törədilməsini cinayətin iştirakçılarının fəaliyyətlərini əlaqələndirməklə, cinayətin törədilməsini istiqamətləndirməklə, onlarda cinayət törətmək qətiyyətini möhkəmləndirməklə təşkil və rəhbərlik etməsinə, göstərilənlərlə yanaşı 2023-cü ilin oktyabr ayından etibarən davamlı surətdə qabaqcadan əlbir olduğu digər şəxslərlə birlikdə özgənin xeyli miqdarda əmlakını əldə etmək məqsədi ilə internet informasiya resurslarında Azərbaycan Respublikasında yaşayan şəxsin şərəf və ləyaqətini alçaldacağı hədəsi ilə 28.500 manat məbləğində pulu hədə-qorxu ilə tələb etməsi və 24.02.2014 və 27.02.2024-cü il tarixlərində şəxsin barəsində rüsvayedici məlumatların internet informasiya resurslarında qeyri-məhdud sayda internet istifadəçiləri arasında paylaşmasına əsaslı şübhələr müəyyən edilib.

    29.10.2019-cu il tarixli qərarla təqsirləndirilən şəxs Qabil Məmmədov Cinayət Məcəlləsinin 28, 214.2.1, 28, 214.2.3 və 214-2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30.10.2019-cu il tarixli qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    İş üzrə toplanmış sübutların məcmusuna əsasən, 17 iyul 2024-cü il tarixdə Qabil Məmmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4, 182.2.1, 182.2.4, 214.2.1, 214.2.2, 214.2.3, 214-1, 214-2, 32.3, 34.2, 233, 32.3, 34.2, 315, 32.3, 34.2, 186.2.1, 32.3, 34.2, 186.2.2, 32.3, 34.2 və 127.2.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib, lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb.

    Elşad Məmmədovun isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 281.2-ci maddəsi ilə 05 may 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilib. Qərara əsasən, onun 2021-ci ilin aprel ayından başlayaraq 2022-ci ilin may ayınadək internet informasiya resurslarında qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar etməklə bu cür məzmunlu materialları internet resurslarında yaymasına əsaslı şübhələr müəyyən edilib.

    Elşad Məmmədov istintaqdan qaçıb gizləndiyi üçün 05 may 2022-ci il tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxslər Məhəmməd Mirzəli, Qabil Məmmədov və Elşad Məmmədova xəbərdarlıq edilir ki, çağırışa gəlmədikləri halda Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barələrində qiyabi icraat açıla və bu, barələrində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.

    Tural Sadıqlı da Baş Prokurorluğa çağırılıb.

    Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən təqsirləndirilən şəxs Sadıqlı Tural Əlövsət oğluna Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.

    10.06.1984-cü il təvəllüdlü Sadıqlı Tural Əlövsət oğlu Baş Prokurorluğunun İstintaq idarəsinə çağırılıb.

    Tural Sadıqlı şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 15 aprel 2025-ci il tarixdə, saat 14:00-da Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsi, 21-ci Dağlıq küçəsi, 3105-ci məhəllə ünvanında yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.

    Tural Sadıqlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 178.1, 12.1,34.2, 220.2, 12.1, 34.2, 281.2 və 12.1,320.1-ci maddələri ilə təqsirləndirilir.

    Tural Sadıqlının 2016-cı ildə Almaniya Federativ Respublikasında yaşayan Azərbaycan Respublikasının vətəndaşını “oturum izni” ala biləcəyini vəd etməklə etibarını qazanıb aldadaraq 1260 manat məbləğində əmlakını ələ keçirməsinə və vətəndaşlıq almaq məqsədilə şəxslərin Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən siyasi partiyaların üzvləri kimi siyasi baxış və mövqelərinə görə təqib və təzyiqlərə məruz qalmaları, kütləvi aksiyalarda iştirak edib polis əməkdaşlarına müqavimət göstərdiklərinə görə məhkəmələr tərəfindən inzibati həbs olunmaları, barələrində cinayət işi başlanmaqla hüquq-mühafizə orqanlarına çağırılmaları kimi məzmununa bilə-bilə həqiqətə uyğun olmayan, yalan məlumatlar daxil edilib, dövlət təşkilatlarının müvafiq imza, blank, çap və əlyazma mətnləri birbaşa icra olunmayaraq, rəqəmsal qurğu vasitəsilə surəti çıxarılmaqla elektrofotoqrafik çap üsulu vasitəsilə çap qurğusunda icra edilmiş hüquq verən rəsmi sənədlərin qanunsuz hazırlamasına, bundan başqa, 19 aprel 2019-cu il, 8 iyun 2019-cu il, 15 iyun 2019-cu il və 7 avqust 2019-cu il tarixlərdə internet informasiya resurslarında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı aparılmış cinayət işi üzrə 27.03.2019-cu il tarixli qərarla Tural Sadıqlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 178.1 və 12.1, 320.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.09.2020-cu il tarixli qərarı ilə barəsində 3 ay 17 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

    Bundan başqa, Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaqı aparılmış cinayət işi üzrə 07.09.2020-ci il tarixli qərarla təqsirləndirilən şəxs Sadıqlı Tural Əlövsət oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilib.

    01 aprel 2024-cü il tarixdə hər iki cinayət işi vahid icraatda birləşdirilməklə iş üzrə toplanmış sübutların məcmusuna əsasən, 01 aprel 2024-cü il tarixdə Sadıqlı Tural Əlövsət oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 178.1, 12.1,34.2, 220.2, 12.1,34.2, 281.2 və 12.1,320.1-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib, lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb.

    Cinayət-Prosessual Məcəllənin 54-cü və 467-13.4-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Tural Sadıqlıya xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla və bu, barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.

    Qurban Məmmədov Baş Prokurorluğa çağırılıb.

    Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən təqsirləndirilən şəxs Məmmədov Qurban Cəlal oğluna Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.

    Təqsirləndirilən şəxs 02.04.1959-cu il təvəllüdlü Məmmədov Qurban Cəlal oğlu Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.

    Qurban Məmmədov şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 16 aprel 2025-ci il tarixdə, saat 10:00-da Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.Qurban Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2, 214-2, 12.1, 34.2, 281.2, 284.2-ci maddələri ilə təqsirləndirilir.

    Qurban Məmmədovun 19 aprel 2019-cu il, 8 iyun 2019-cu il, 15 iyun 2019-cu il və 7 avqust 2019-cu il tarixlərdə qabaqcadan əlbir olan bir qrup şəxs halında internet informasiya resurslarında Azərbaycan Respublikasında hakimiyyətin zorla ələ keçirilməsinə yönələn, habelə hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal şəkildə tabe olmamaqla və zorakılıqlarla müşayiət olunan kütləvi iğtişaşlar etməyə qəsdən açıq çağırışlar etməsinə, həmçinin 26 mart 2019-cu il, 29 iyun 2019-cu il, 18 oktyabr 2019-cu il, 27 oktyabr 2019-cu il tarixlərdə internet informasiya resurslarında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyət orqanları tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak zərərinin vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsinə şərait yaradan hərəkətlər etməyə, yəni terrorçuluğa, habelə əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşlara açıq çağırışlar etməsinə, həmçinin 11 iyul 2023-cü il tarixdə "AzerFreedom TV" internet platformasında işinə görə ona məlum olan dövlət sirri təşkil edən məlumatları ağır nəticələrə səbəb olaraq dövlətə xəyanət əlamətləri olmadan yaymasına əsaslı şübhələr müəyyən edilib.

    Cinayət işi üzrə 07.09.2020-ci il tarixli qərarla Məmmədov Qurban Cəlal oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.09.2020-cu il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
    Bundan başqa, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində ibtidai istintaqı aparılmış cinayət işi üzrə 07.06.2019-cu il tarixli qərarla Məmmədov Qurban Cəlal oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 220.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan qaçıb gizləndiyi üçün həmin tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 14.06.2019-cu il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib, 20.12.2023-cü il tarixdə ona Cinayət Məcəlləsinin 214-2, 220.2 və 284.2-ci maddələri ilə yeni məzmunda ittihamın elan edilməsi haqqında qərar qəbul edilib.

    Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində ibtidai istintaqı aparılmış cinayət işi ibtidai istintaqın davam etdirilməsi üçün 13.03.2025-ci il tarixdə Baş Prokurorluğun İstintaq idarəsinə göndərilərək həmin idarədə ibtidai istintaqı aparılan cinayət işinə birləşdirilərək vahid icraatda ibtidai istintaq davam etdirilir.

    İş üzrə toplanmış sübutların məcmusuna əsasən, 13 mart 2025-ci il tarixdə Məmmədov Qurban Cəlal oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2, 214-2, 12.1, 34.2, 281.2, 284.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib, lakin o, Azərbaycan Respublikası hüdudlarından kənarda olduğundan ona ittiham elan etmək mümkün olmayıb.

    Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.4-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Qurban Məmmədova xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla və bu, barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.

    ***

    İlqar Hacıyev Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb.

    Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs Hacıyev İlqar Allaz oğluna Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib.

    İlqar Hacıyev 14 iyul 2025-ci ildə Baş Prokurorluğunun İstintaq İdarəsinə gəlməlidir.

    Təqsirləndirilən şəxs 03.07.1973-cü il təvəllüdlü Hacıyev İlqar Allaz oğlu şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 14 iyul 2025-ci il tarixdə, saat 12:00-da Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq idarəsinin inzibati binasına gəlməlidir.

    İlqar Hacıyevin Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə (01 dekabr 2017-ci il tarixədək qüvvədə olan redaksiyada) təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 25.12.2020-ci il tarixli qərar qəbul edilib. Həmin qərara əsasən, onun istintaqa şəxsiyyəti məlum olan tanışının etibarından sui-istifadə edərək Rusiya Federasiyasının Moskva vilayətinin Mıtışinski rayonunun Piroqovka kəndində və Odintsovski rayonunun Novıye Javoronki kəndində yaşayış komplekslərinin tikinti layihələrini təqdim edərək həmin layihələrin icrası ilə bağlı 10.000.000 ABŞ dolları məbləğində investisiya qoyacağı təqdirdə 18.000.000 ABŞ dolları qazanc əldə edəcəyi vədi ilə aldatmaqla 2016-cı ilin fevral ayından 2017-ci ilin mart ayının 22-dək olan müddət ərzində Rusiya Federasiyasının Moskva şəhərində və Bakı şəhərinin Xəzər rayonu ərazisində yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportunun qarşısında ümumilikdə həmin dövrün rəsmi məzənnəsinə görə 17.000.000 manat təşkil edən 10.000.000 ABŞ dolları məbləğində pul vəsaitlərini alıb, zərərçəkmiş şəxsin külli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

    İlqar Hacıyev istintaqdan qaçıb Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan edilməsi mümkün olmadığı üçün 25.12.2020-ci il tarixli qərarla barəsində axtarış elan edilib və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13.01.2021-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət-Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.3-cü maddələrinin tələblərinə əsasən, təqsirləndirilən şəxs İlqar Hacıyevə xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açıla və bu, barəsində qiyabi hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.

    Qeyd edək ki, İlqar Hacıyev “Akkord İnşaat Sənaye” ASC-nin keçmiş sahibi kimi tanınır.