Sonuncu zəvvar qrupu Həcc ziyarətinə yola salındı
Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir
Bu gün sonuncu zəvvar qrupu Azərbaycandan Həcc ziyarətinə yola salınıb.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem məsulu Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, sonuncu zəvvar qrupu 05:35-də Bakıdan təyyarə ilə yola düşüb, 08:45-də isə Səudiyyə Ərəbistanına çatacaq. O qeyd edib ki, sonuncu zəvvar qrupunda 105 nəfər var.
Xatırladaq ki, Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-də yola salınıb. Qeyd edək ki, Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna fevralın 12-dən başlanılıb.
Bir nəfər üçün ziyarət paketinin qiyməti 5850 ABŞ dolları təşkil edir. Ziyarət vahid formada təşkil olunub və hava nəqliyyatı ilə həyata keçirilib. Bu il Azərbaycandan Həcc ziyarəti üçün 1500 kvota ayrılıb.