Söyüdlü sakinləri ilə görüş keçiriləcək
Bu barədə Nazirlər Kabineti xəbər yayıb
Sentyabrın 26-da Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
Nazirlər Kabinetindən verilən xəbərə görə, iclasda Gədəbəy rayonunun Söyüdlü kəndində fəaliyyət göstərən “Azərbaycan Beynəlxalq Mədən Şirkəti”nin (AIMC) mədən ərazisində ekoloji monitorinqin keçirilməsi, sağlamlıq, ətraf mühit və əməyin mühafizəsi üzrə qiymətləndirilmənin aparılması məqsədilə dəvət olunmuş dağ-mədən sektorunda beynəlxalq təcrübəyə malik Böyük Britaniyanın “Micon” International Co Limited şirkətinin keçirdiyi monitorinqlərin nəticələrinə dair hesabat və tövsiyələr müzakirə olunub.
Ə.Əsədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə iyunun 20-də Gədəbəy rayonunun Söyüdlü kəndində yaranmış xoşagəlməz hadisə ilə əlaqədar beynəlxalq şirkət tərəfindən ərazidə monitorinqlərin aparılması, ətraf mühit, təhlükəsizlik və sağlamlıq məsələlərinin qiymətləndirilməsinə dair müvafiq tapşırıq verdiyini bildirib.
Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Söyüdlü kəndində tullantıxana sahəsində və ətraf ərazilərdə son iki ay ərzində aparılmış monitorinqlərin nəticələri və bu müddət ərzində görülmüş işlər barədə hesabat verib.
Qeyd edilib ki, əhalini narahat edən məsələlərin həlli istiqamətində verilən tapşırığın təxirəsalınmadan icrası ilə əlaqədar “Micon” International Co Limited Şirkəti Azərbaycana dəvət olunub və 2023-cü il 25 iyul-01 avqust tarixlərində beynəlxalq şirkətin ekspertləri tərəfindən Gədəbəy mədən sahəsi və ətraf ərazilərdən - Gədəbəy şəhəri, Söyüdlü, Yenikənd, Arıxdam kəndləri və Qumlu yaşayış massivində müstəqil monitorinqlər keçirilib, həmçinin Gədəbəy və Mis çaylarından su, torpaq nümunələri götürülüb, atmosfer havasında zərərli qazların, eləcə də toz hissəciklərinin konsentrasiyası, radiasiya fonu və səs-küyün səviyyəsi ölçülüb.
Belə ki, Gədəbəy sahəsində 20 nöqtədə yeraltı, 18 nöqtədə yerüstü su nümunələri götürülmüş, su keyfiyyəti üzrə monitorinq məlumatları 35 parametr üzrə (suda sianidin miqdarı, ümumi, sərbəst və zəif turşulu mühitdə dissosiasiya olunan miqdarları) təhlil edilib.
Gədəbəy mədən sahəsindən və ətraf ərazilərdən, o cümlədən tullantı anbarı və boru kəməri dəhlizi ətrafındakı sahələrdən və ətraf yaşayış məntəqələrindən ümumilikdə, 29 nöqtədən torpaq nümunələri götürülərək 17 parametr üzrə (pH göstəricisi, sulfatlar, kalsium, maqnezium, ümumi sianid, radiasiya və s.) təhlillər həyata keçirilib.