“Stadler Rail Group” Bakıda Regional Xidmət Mərkəzi tikir
Bu barədə məlumatı “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov verib
“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov: Bakıda Böyükşor ərazisində Regional Xidmət Mərkəzi tikən İsveçrənin “Stadler Rail Group” şirkəti onu 2026-cı ildə istifadəyə verməyi planlaşdırır.
Onun sözlərinə görə, ADY ilə "Stadler Rail Group" arasında dəmir yolu nəqliyyatında təmir, texniki xidmət və məsləhət xidmətlərinin göstərilməsi üçün müqavilə imzalanıb.
“Müqaviləyə əsasən, Böyükşor ərazisində Regional Xidmət Mərkəzi tikiləcək ki, onun xidmətlərindən təkcə Azərbaycan deyil, qonşu dövlətlər də istifadə edə biləcək”, - R.Rüstəmov bildirib.
O qeyd edib ki, mərkəz bütün növ “Stadler” qatarlarının təmirini və texniki xidmətini həyata keçirəcək. R.Rüstəmov əlavə edib ki, “Stadler” qatarlarına texniki dəstək nəqliyyat vasitələrinin texniki hazırlığını 95%-dən yuxarı səviyyədə təmin edəcək.
O, “Azərbaycan Dəmir Yolları” QSC-nin artıq “Stadler Rail Group”dan aldığı 4 sərnişin qatarından istifadə etdiyini, daha 3-nün ölkədə olduğunu və xətdə istismara hazırlandığını, 3-nün isə bir il ərzində Azərbaycana gətiriləcəyini bildirib.