Strateji valyuta ehtiyatlarımız ÜDM-in 95 faizindən çoxdur
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib

Azərbaycanın strateji valyuta ehtiyatlarının ölkənin ümumi daxili məhsulunun (ÜDM) 95%-dən yuxarı olduğu təxmin edilir.
Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Bakıda Dünya Bankının 2024-cü il üzrə “Dünya İnkişaf Hesabatı” (WDR) illik qlobal hesabatının təqdimatında deyib.
Onun sözlərinə görə, son 20 ildə Azərbaycan iqtisadiyyatı təxminən 3,8 dəfə, o cümlədən qeyri-neft sektoru 3,7 dəfə artıb.
“Bu dövrdə ölkənin ümumi ixracı 7,8 və qeyri-neft ixracı müvafiq olaraq 6,3 dəfə, Azərbaycan iqtisadiyyatına investisiyalar isə 4,4 dəfə artıb”, - deyə Mərkəzi Bankın sədri qeyd edib.