XƏBƏRLƏR / Siyasət

"Sülh çətin mübarizədir və biz çox çalışmalıyıq"

Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Doha Forumunda deyib

"Sülh çətin mübarizədir və biz çox çalışmalıyıq"
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Ədalətli sülhə əsaslanaraq biz Cənubi Qafqazda yeni reallıqlar və yeni status-kvo yaradırıq.

    "Aljazeera” xəbər verir ki, bunu Qətərdə keçirilən Doha Forumunda Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

    O bildirib ki, yaxın vaxtlarda imzalanan bir çox sülh razılaşmaları nəticəsiz qalıb, çünki razılaşmalar imzalandıqdan sonra tərəflər özlərini komfort zonasında hiss edir.

    "Azərbaycan və Ermənistan isə bu vəziyyətdən yayınmağa çalışır. Hər iki tərəf “bilir ki, sülh çətin bir mübarizədir və biz çox çalışmalıyıq”..

    O əlavə edib ki, rəsmi Bakı və İrəvan mütəmadi olaraq kontaktdadır və iki ölkə arasında əldə olunan razılaşmaların icrasına çalışır.

    "Biz sülh gündəliyi ilə bağlı əlimizdən gələn bütün səyləri göstəririk. Bununla yanaşı, beynəlxalq ictimaiyyətin də dəstəyinə ehtiyacımız var. Bu dəstək bizim gündəmimizə necə yönəldilməli və uyğunlaşdırılmalıdır? İlk növbədə, siyasi dəstək və əlbəttə, siyasi iradə lazımdır".

    H.Hacıyev beynəlxalq ictimaiyyətdən sülh prosesinə zərbə vuracaq bəyanatlardan çəkinməyə çağırıb:

    "İrəli gedərkən bizə yardımçı olun. Bəzən siyasi bəyanatlarda geriyə aparan elementlər görürük. Bu, həm beynəlxalq media, həm akademik dairələr, həm də beyin mərkəzlərinə yönələn bir çağırışdır. Elə araşdırmalar var ki, onlar bizi keçmişə qaytarır və bu, belə olmamalıdır. Biz gələcəyə baxırıq. Çətinliklərin olduğunu bilirik, amma, gəlin, sülh gündəminə fokuslanaq və buna nail olmaq üçün çalışaq".