Sülh üçün Ermənistan Konstitusiyasını mütləq dəyişməlidir
Ararat Mirzoyanın cavabını xarici işlər nazirinin müavini Elnur Məmmədov verib
Sülhə nail olmaq üçün Ermənistan Konstitusiyasında mütləq dəyişiklik edilməlidir.
Bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov "Azərbaycanla Ermənistan arasında Sülh Razılaşmasının imzalanmasına əsas maneələr" adlı tədbirdə deyib.
Nazir müavininin sözlərinə görə, Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əldə olunmasında iki əsas əngəl var ki, onlardan biri Ermənistan Konstitusiyasındadır.
Elnur Məmmədov əlavə edib ki, “Qarabağ Ermənistanın bir hissəsidir” müddəası Ermənistan Konstitusiyasında əsas kimi qəbul olunur:
“2020-ci ildə ərazilərimiz işğaldan azad edildikdən sonra Azərbaycan sülh təkliflərini ilk dəfə Ermənistana 2021-ci ildə edib. Müharibədə qələbə qazanan ölkə heç vaxt qarşı tərəfə sülh təklifi etmir, amma biz bunu etmişik. Biz sülhlə bağlı əsas prinsipləri hazırlamışıq. 2020-2022-ci illərdə biz Ermənistanın arzularının nə olduğunu bilmirdik. Bundan sonra biz ətraflı müzakirələr aparmışıq. Bu müzakirələr ABŞ, Rusiya və Qazaxıstanda aparılıb. Həmin müzakirələrdə sülh razılaşmasını tərtib etməyə çalışmışıq. Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əldə olunmasında iki əsas maneə var. Onlardan biri Ermənistan Konstitusiyasındadır. Bu maneə Ermənistanın Müstəqillik aktında da öz əksini tapıb. "Qarabağ Ermənistanın bir hissəsidir" müddəası orada əsas kimi qəbul olunur".
Elnur Məmmədov vurğulayıb ki, 30 ildən çoxdur Ermənistan hökuməti hələ də öz sərhədlərini dəqiq olaraq müəyyən etməyib.
“Bizim sualımız odur ki, hazırda biz danışıq naminə danışıqlar aparırıq, ya yox?”, - XİN rəsmisi qeyd edib.
Elnur Məmmədov onu da bildirib ki, Ermənistan Konstitusiyasında sülhə maneə olan müddəaların mövcudluğu qarşı tərəfin diqqətinə çatdırılıb: “Sülh müqaviləsi bağlandıqdan sonra Ermənistanın Parlamenti onunla bağlı qərar verməli və Konstitusiya Məhkəməsi onu təsdiqləməlidir”.
Nazir müavini Azərbaycanla Ermənistanın yekun razılığa gələcəklərini və Cənubi Qafqazda sülhə nail olunacağına ümidini ifadə edib.