Sülhməramlıların daha 6 maşını Laçın yolundan keçdi
Dünən də sülhməramlıların 5 təminat avtomobili Laçın yolundan keçmişdi
Bu gün Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Laçından Xankəndi istiqamətində Rusiya sülhməramlılarına məxsus 6 ədəd təminat avtomobili azərbaycanlı ekofəalların keçirdiyi aksiya ərazisindən keçib.
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 12-ci gündür ki, davam edir. Dinc aksiya iştirakçıları "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!" kimi şüarlar səsləndirirlər.
Xatırladaq ki, azərbaycanlı ekofəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığındakı etiraz aksiyasına dekabrın 12-dən başlayıblar.
Aksiyada etiraz edənlərin əsas tələbləri Qarabağın dağlıq hissəsindəki mədənlərdən qanunsuz istismara son qoyulması, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şəraitin yaradılması, ermənilərin Azərbaycan torpaqlarındakı ekoloji terrorunun dayandırılması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.