Sülhməramlıların daha üç avtomobili aksiya ərazisindən keçdi
Azərbaycanlı ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının istismarına qarşı Laçın-Xankəndi yolunda aksiyalarını davam etdirirlər
Laçın-Xankəndi yolunda dinc şəkildə davam edən aksiyanın 37-ci günündə də Rusiya sülhməramlılarına aid avtomobillər aksiya ərazisindən sərbəst hərəkət edə bilirlər. Bu dəqiqələrdə Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən sülhməramlılara aid iki zirehli və bir yük avtomobilinin sərbəst keçidi təmin olunub.
Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Xatırladaq ki, azərbaycanlı ekofəallar Qarabağda faydalı qazıntı yataqlarının istismarına qarşı Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda ötən il dekabrın 12-dən dinc aksiyaya başlayıblar.