Laçın yolundakı aksiyanın 40-cı günü
Aksiyanın məramı əvvəlki kimi dəyişməz olaraq qalır
Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclərin və ekoloqların Laçın-Xankəndi yolunda keçirdikləri dinc etiraz aksiyası 40 gündür davam edir.
Hər zaman olduğu kimi, ekofəallar səhəri Dövlət Himinin səsləndirilməsi ilə açıb, vətənpərvər ruhda mahnılar ifa ediblər.
Aksiyanın məramı əvvəlki kimi dəyişməz olaraq qalır. Etirazçılar Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına yox deyir, bunun dərhal dayandırılmasını tələb edirlər. Aksiya fəalları bu dəqiqələrdə qaldırdıqları plakatlarda üzərində rus və ingilis dilində yazılmış “Sərvətlərimizin talanı dayansın!”, “Təbiəti qoruyaq, istismarı qınayaq!”, “Təbiətin milləti yoxdur!”, “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Sərvətimiz bölünməz, heç bir kəsə verilməz!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər. Aksiya iştirakçılarının dinamik və coşqulu görünmələri onların məqsədlərinin aydın olduğunu göstərir.
Onlar Azərbaycan tərəfinin haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Fəallar bildirir ki, onların tələbləri Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Onlar tələblərində israrlıdırlar. Ərazi humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur. Dünən Laçın-Xankəndi yolunda hər iki istiqamətə Rusiya sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus ümumilikdə 65 avtomobil maneəsiz hərəkət edib.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.