XƏBƏRLƏR / Münaqişə

İran və ABŞ bir-birilərinə zərbələr endirib

YENİLƏNİR

İran və ABŞ bir-birilərinə zərbələr endirib
  • Oxuma müddəti:

    5 dəqiqə

  • 09:33

    İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Amerikanın son zərbələrinə cavab olaraq ABŞ-ın Küveyt və Bəhreyndəki hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirdiyini bəyan edib.

    SEPAH-ın bu barədə bəyanatını IRIB yayıb.

    SEPAH-ın yaydığı bəyanatda qeyd olunub ki, bazar günü gecə saatlarında korpusun hərbi dəniz və hərbi hava qüvvələri ballistik raketlər və dronlardan istifadə edərək ABŞ hərbi infrastrukturunun səkkiz obyektinə - Küveytdəki "Əli əs-Salim" bazasındakı və Bəhreynin Salman limanındakı 5-ci Donanmasının bazasına hücum edib.

    Bəyanatda həmçinin qısa müddət əvvəl ABŞ-ın İslam Respublikasının beş sahil postuna zərbələr endirdiyi xatırladılıb.

    "İslamabad memorandumuna əsasən, Hörmüz boğazında gediş-gəlişə nəzarət qaydaları İslam Respublikasına məxsusdur və bundan sonra qayda pozan gəmilərə qarşı əvvəlkindən daha sərt tədbirlər görüləcək",- bəyanatda qeyd olunub.

    SEPAH az əhəmiyyətli hədəflərə qarşı belə ehtimal olunan təcavüzə sarsıdıcı cavab veriləcəyi barədə xəbərdarlıq edib. Atəşkəsin pozulmasının İslamabad memorandumunun birinci bəndinə zidd olduğu vurğulanan bəyanatda bu halların danışıqlar prosesinin dayandırılmasına səbəb olacağı bildirilib.

    ***

    ABŞ Hərbi Hava Qüvvələri (HHQ) İrandakı hərbi hədəflərə "əlavə zərbələr" endirib.

    Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində məlumat yayıb.

    Məlumata görə, hücumlar "İranın kommersiya gəmiçiliyinə qarşı təcavüzünə" cavab olaraq həyata keçirilib.

    "Amerika hərbi təyyarələri İranın hərbi kəşfiyyat infrastrukturuna, rabitə sistemlərinə, HHM obyektlərinə, pilotsuz uçuş aparatlarının anbarlarına və mina döşəmə imkanlarını hədəf alıb", - deyə məlumatda bildirilir.

    CENTCOM-dan qeyd edilib ki, İran pilotsuz uçuş aparatı tətbiq etməklə göyərtəsində 2 milyon bareldən çox neft olan və Panama bayrağı altında üzən "M/T Kiku" tankerinə hücum edib.

    Daha əvvəl ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində bəyan etmişdi ki, İran tərəfi Sinqapur bayrağı altında Hörmüz boğazından keçən "Ever Lovely" konteyner gəmisinə "ən azı dörd kamikadze tipli zərbə pilotsuz uçuş aparatı" buraxıb.

    ***

    27 iyun 2026-cı il

    11:31

    İran XİN: ABŞ-ın hücumları 18 iyun memorandumunun pozulmasıdır

    İran Xarici İşlər Nazirliyi ABŞ-ın bu gün axşam saatlarında ölkənin cənubundakı sahil nəzarəti obyektlərinə endirdiyi hava zərbələrini pisləyib və bunu BMT Nizamnaməsinin, eləcə də iyunun 18-də imzalanmış müharibənin dayandırılması haqqında memorandumun pozulması kimi qiymətləndirib. Nazirlik eyni zamanda İsrailin Livana eyni vaxtda həyata keçirdiyi hücumların da həmin razılaşmanın pozulması olduğunu bildirib.

    Bəyanatda vurğulanıb ki, İran qanuni özünümüdafiə hüququ əsasında öz suverenliyini və təhlükəsizliyini qoruyur və İran Silahlı Qüvvələrinin ABŞ qüvvələri ilə əlaqəli hədəflərə endirdiyi zərbələr də bu çərçivədə həyata keçirilib. Həmçinin ABŞ və onunla əməkdaşlıq edən tərəflərin bu hadisələrin nəticələrinə görə məsuliyyət daşıdığı bildirilib.

    İran Xarici İşlər Nazirliyi Fars körfəzinin cənub sahilində yerləşən ölkələri öz əraziləri və infrastrukturunun İrana qarşı istifadə olunmasına imkan verməməyə çağırıb. Nazirlik, həmçinin BMT-ni, Təhlükəsizlik Şurasını və digər beynəlxalq qurumları ABŞ-ın beynəlxalq hüququ pozduğu iddia edilən addımlarına qarşı tədbir görməyə çağırıb.

    ***

    09:00

    ABŞ qüvvələri Hörmüz boğazında İranla əlaqəli hədəflərə zərbələr endirib.

    Bu barədə "Axios"un müxbiri Barak Ravid məlumatlı mənbəyə istinadən "X" sosial şəbəkəsində yazıb.

    "ABŞ rəsmisi mənə bildirib ki, ABŞ ordusu Hörmüz boğazında zərbələr endirib", - o qeyd edib.

    Başqa bir paylaşımda Ravid zərbələrin İranla əlaqəli hədəflərə endirildiyini yazıb.

    "Mehr" agentliyi isə öz növbəsində bildirib ki, İranın cənub sahillərində, Hörmüz boğazı ərazisində partlayış səsləri eşidilib.

    ABŞ Prezidenti Donald Tramp İranı atəşkəsi pozmaqda ittiham edib

    ***

    İran Vaşinqtonun hücumlarından sonra ABŞ hərbi obyektlərinə cavab zərbələri endirib.

    Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib.

    "Təcavüzə cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusunun dəniz qüvvələri ABŞ terrorçu ordusunun bölgədəki yerləşmə məntəqələrinə zərbələr endirib", - deyə bəyanatda qeyd olunub.

    Qeyd edək ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Hörmüz boğazından keçən ticarət gəmisinə edilən son hücuma cavab olaraq İrana qarşı hava zərbələri endirdiyini açıqlayıb.

    Daha sonra ABŞ vitse-prezidenti Cey. Di. Vens bildirib ki, Vaşinqton anlaşma memorandumu ilə bağlı İranla fikir ayrılıqlarını müzakirə etməyə hazırdır, lakin zorakılığa güclə cavab vermək niyyətindədir.