XİN Aİ Ermənistandakı Missiya rəhbərini ifşa edib
Markus Ritter Azərbaycanın yaz aylarında Ermənistana hücuma hazırlaşdığı haqda yalan məlumat yaymışdı
Almaniyanın Deutsche Welle saytına yayımlanmış müsahibədə Avropa İttifaqının (Aİ) Ermənistandakı Missiyasının rəhbəri Markus Ritter “Azərbaycanın yaz aylarında hücuma hazırlaşdığının Ermənistan tərəfindən iddia edildiyini” söyləmişdi.
Buna cavab olaraq XİN sözçüsü Ayxan Hacızadə bunları deyib:
"Aİ Missiyası rəhbərinin Ermənistan tərəfinin yalan və böhtan dolu iddialarını əsas tutaraq, guya Azərbaycanın hər hansı bir hücuma hazırlaşdığı barədə fikirlər səsləndirməsini, Aİ Missiyasının əsas vəzifəsinin “Ermənistanı Azərbaycandan qorumaq” kimi təqdim etməsini qətiyyətlə qınayırıq.
Bu Missiyanın Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə xələl gətirmək məqsədilə sui-istifadə edilməsinə imkan verilməməsinin zəruriliyi tərəfimizdən dəfələrlə vurğulanıb.
Aİ missiyasının Ermənistanda yerləşməsinin müvafiq qaydada Azərbaycanın legitim maraqlarını nəzərə alması, habelə Aİ tərəfindən bu missiyanın fəaliyyətinin qarşılıqlı inam və etimadı sarsıtmayacaq şəkildə həyata keçirilməsi təmin edilməlidir.
Ermənistan tərəfinin Aİ Missiyasının mövcudluğundan vəziyyəti daha da gərginləşdirmək və öz öhdəliklərindən boyun qaçırmaq məqsədilə sui-istifadə etməsinə imkan yaratmamalıdır.
Aİ Missiyası yalan və böhtan dolu iddialara yer verməməli və mandatına uyğun fəaliyyət göstərməlidir."