Bakının görüş təklifinə separatçılardan cavab gəldi
Separatçılar Bakı ilə görüşün keçirilməsi üçün şərtlər irəli sürürlər
Ötən gün Prezident Administrasiyası Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsi ilə bağlı yenidən təklif irəli sürüb. “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrini reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edir”, - rəsmi məlumatda bildirilib.
Bundan əvvəl oxşar təklif martın 13-də irəli sürülmüşdü. Lakin erməni tərəfinin təxribatçı mövqe sərgiləməsi səbəbindən görüş baş tutmayıb.
Qeyd edək ki, tərəflər arasında ilk görüş Xocalıda olub. Belə ki, martın 1-də Xocalı şəhərində Azərbaycan Respublikası ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin qərargahında Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüş keçirilib. Görüşdə Azərbaycan tərəfdən Milli Məclisin deputatı Ramin Məmmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov iştirak ediblər.
Bakının növbəti görüş təklifinə gəlincə, separatçılar təxtibatçı mövqe ortaya qoyublar. Erməni mətbuatının yaydığı məlumata görə, separatçılar görüşün Bakıda keçirilməsindən imtina ediblər. Onlar belə bir görüşün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan torpaqlarında keçirilməsinin mümkün olduğunu deyiblər.
Bundan başqa, separatçılar bildiriblər ki, Bakı ilə görüşün keçirilməsi üçün Laçın-Xankəndi yolundakı aksiya dayandırılmalıdır.