Suriyada Bəşər Əsədin tərəfdarları silahlı qiyam qaldırıb
Suriyanın yeni hakimiyyəti qiyamçıların arxasında Rusiya və İranın dayandığını ehtimal edir YENİLƏNİB

Suriyada yeni hakimiyyətə qarşı Bəşər Əsəd tərəfdarlarının qiyamı başlayıb. Silahlı qarşıdurma bir neçə şəhəri əhatə edib. Maraqlıdır ki, gərgin döyüşlər Rusiyanın hərbi bazaları yerləşən Xmeymim və Tartusda gedir.
Suriya təhlükəsizlik qüvvələri ilə Bəşər Əsədə bağlı silahlılar arasında baş verən toqquşmalarda 70-dən çox insan ölüb, onlarla insan yaralanıb.
Bu barədə Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.
Latakiyada silahlı hücum
“Baş Təhlükəsizlik Administrasiyasının 16 üzvü cümə axşamı Suriyanın şimal-qərbindəki Latakiyada keçmiş prezident Bəşər Əsəd qüvvələrinin tərəfdarları olan silahlı qrupların hücumları nəticəsində ölüb və ya yaralanıb”, – məlumatda qeyd edilib.
Suriyanın dövlət xəbər agentliyi SANA isə təhlükəsizlik mənbəsinə istinadən bildirib ki, Əsədin silahlı qruplaşmalarına bağlı qruplar Latakiyadakı Beyt-Ana yaxınlığında Müdafiə Nazirliyinin əməkdaşlarını və maşınlarını hədəf alıb. Nəticədə bir əsgər ölüb, yaralananlar var. Bildirilib ki, hücum edənlər yaralıları təxliyə etməyə çalışan təcili yardım maşınlarına da atəş açıblar.
Bundan əlavə “Al-Jazeera” televiziya kanalının fotoqrafı Riyad Əl-Hüseyn də Cəblədəki hadisələri işıqlandırarkən yaralanıb.
Suriya Ordusunun cavabı: Latakiya və Tartusa giriş
SANA-nın məlumatına görə, Suriya ordusu Bəşər Əsədi dəstəkləyən silahlı birləşmələrlə mübarizə aparmaq üçün Latakiya və Tartus şəhərlərinə daxil olub. Qeyd edilib ki, Bəşər Əsəd rejiminin devrilməsindən bəri hərbi hakimiyyət keçmiş rejimə sadiq olanların silahlarını təhvil vermələri üçün barışıq mərkəzləri açıb. Bununla belə, bəzi fraksiyalar buna əməl etməkdən imtina edib, nəticədə bir çox əyalətdə qarşıdurmalar yaranıb.
Qiyama qondarma "Suriyanın Azadlığı üzrə Hərbi Şura"sı rəhbərlik edir.
Bu arada "Suriyanın Azadlığı üzrə Hərbi Şura"sı məqsədləri ilə bağlı bəyanat yayıb.
Bəyanatda deyilir:
“Aylarla davam edən ədalətsizlik, məzhəb zorakılığı, talan, zülm və Suriya torpaqlarının xarici təcavüzkarlar tərəfindən ələ keçirilməsindən sonra "Suriyanın Azadlığı üzrə Hərbi Şura" yaradıldı.
"Suriyanın Azadlığı üzrə Hərbi Şura"nın məqsədləri aşağıdakılardır:
1. Suriyanın bütün ərazisinin işğalçılardan və terrorçu qüvvələrdən azad edilməsi;
2. HTŞ rejiminin devrilməsi və onun “repressiv məzhəb aparatının sıradan çıxarılması”;
3. Bütün suriyalıların canının və malının qorunması;
4. Milli və demokratik əsaslar üzərində dövlət təsisatlarının bərpası;
5. Qaçqınların geri qayıtmasına hazırlıq;
6. Bütün məzhəb və millətlərdən ibarət vahid suveren dövlətin yaradılması”.
Öz növbəsində Əsəd tərəfdarı general Qiyat Suleiman Dalla yeni hökumətdən hərbi hissələrin Suriya sahillərindən çıxarılmasını tələb edib.
O, Bəşərin qardaşı Əsəd Maherin 4-cü Zirehli Diviziyasında komandir vəzifəsində çalışıb. Ərəb mətbuatının yazdığına görə, onun Tehranla sıx əlaqələri var.
Kürdlərin SDF/YPG yaraqlıları da Suriya hökumətinə xəyanət ediblər.
“Əl-Cəzirə” xəbər verir ki, Suriya Demokratik Kürd Qüvvələri müxalif Suriyanın Azadlığı üzrə Hərbi Şuraya silah və logistika ilə dəstək verib.
Amma cəmi iki-üç həftə əvvəl onlar Suriyanın yeni hökumətinə sadiq olduqlarını bəyan etdilər.
Xatırladaq ki, Bəşər Əsəd ötən ilin dekabrın 8-də Rusiyaya qaçıb, nəticədə 1963-cü ildən hakimiyyətdə olan Baas Partiyasının rejiminə son qoyulub. Əsədi devirmək üçün anti-rejim qüvvələrinə rəhbərlik edən Əhməd əl-Şaraa yanvarın 29-da keçid dövrü üçün prezident elan edilib.