
Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra ilk dəfə keçirilən parlament seçkilərinin nəticələri elan edilib.
BBC xəbər verir ki, Xalq Məclisinə keçirilən dolayı seçkilərdə ümumilikdə 210 deputat seçilir. Seçki kollegiyaları deputatların üçdə ikisini (140 üzv) seçir, qalan üzvləri isə keçid dövrünün müvəqqəti Prezidenti Əhməd əl-Şaraa təyin edir.
Suriyanın hakimiyyət orqanları təhlükəsizlik və siyasi narahatlıqları əsas gətirərək, kürdlərin nəzarətində olan Rəqqa və Həsəkə, habelə hökumət qüvvələri ilə druz silahlıları arasında ölümcül toqquşmaların baş verdiyi Süveyda da daxil olmaqla üç əyalətdə səsverməni təxirə salıb.
Nəhayət, həftəsonu keçirilən səsvermə zamanı parlamentin 119 üzvü seçilib və Milli Assambleyada 21 yer boş qalıb. Suriya lideri bu həftə daha 70 deputatı təyin etməyi planlaşdırır.
Yeni parlamentin tərkibinə 6 qadın daxil edilib. Yerli seçki komissiyası əvvəllər bildirmişdi ki, 1500-dən çox namizədin 14%-ni qadınlar təşkil edir.
Parlamentdə 10 yeri kürdlər, xristianlar da daxil olmaqla dini və etnik azlıqların nümayəndələri qazanıblar.
Seçki Komissiyasının sözçüsü Nəvvar Necmeh mətbuat konfransında seçilən 119 üzvdən yalnız 4%-nin qadın olduğunu bildirərək, bu rəqəmin Suriya cəmiyyətində qadınların vəziyyətini , onların siyasi, iqtisadi və sosial həyatdakı rolunu əks etdirmədiyini qeyd edib. O, həmçinin qaliblər arasında yalnız iki xristianın olduğunu bildirərək deyib ki, Suriyadakı xristianların nisbətini nəzərə alsaq, nümayəndəlik zəifdir.
Necmeh bəyan edib ki, Suriya lideri tərəfindən təyin olunan namizədlər cəmiyyətin müəyyən təbəqələrinin kifayət qədər təmsil olunmamasını kompensasiya edə bilər. Lakin o, parlamentarilər üçün istənilən kvota sistemini rədd edib.
Seçilən parlament yeni Konstitusiya qəbul edilənə və ümumi seçkilər keçirilənə qədər fəaliyyət göstərəcək.