XƏBƏRLƏR / İctimaiyyət

Sürücülərin nəzərinə: Hərəkət istiqamətləri dəyişdirilib

COP29 vaxtı Bakıda nəqliyyatın əsas hissəsi Biləcəri, Avtovağzal və Sumqayıt istiqamətinə yönəldiləcək

Sürücülərin nəzərinə: Hərəkət istiqamətləri dəyişdirilib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Bu gündən Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başlayır.

    COP29-un keçirilməsi ilə əlaqədar Bakının nəqliyyat sektorunda bir sıra dəyişikliklər tətbiq edilib.

    COP29 günlərində Azərbaycanın bölgələrindən rayon qeydiyyatlı avtomobillərin paytaxta gəlməsi üçün məhdudiyyət olmayacaq. Həmçinin, bölgələrdən gələn avtomobillər aşağıdakı şəkildə yönləndirilir:

    - Bakı-Salyan yolunun 14-cü kilometrliyindən şəhərə daxil olan nəqliyyat vasitələri Lökbatan dairəsi yaxınlığında təşkil olunan nəzarət postundan Bakı kənar dairəvi yolu istiqamətinə yönəldiləcək və oradan Badamdar istiqamətinə gedə biləcəklər;

    - Şamaxı-İsmayıllı istiqamətindən gələn nəqliyyat vasitələrinin hərəkəti Müşfiqabad-Xocəsən yolunda təşkil olunacaq postlarda qismən məhdudlaşdırılacaq. Onlar "Şamaxinka" ərazisindən geriyə dönmə ilə Ziya Bünyadov prospekti istiqamətində fasilələrlə buraxılacaqlar;

    - Quba-Sumqayıt istiqamətindən hərəkət edən nəqliyyatın hərəkəti Sumqayıt şəhərinin girişində yerləşən yanacaqdoldurma məntəqəsinin yanında təşkil olunacaq postda müvəqqəti azaldılacaq, fasilələrlə buraxılacaq;

    - Sumqayıt-Novxanı istiqamətindən gələn nəqliyyat vasitələri isə Binəqədi-Baksol yolunda təşkil olunacaq postdan fasilələrlə buraxılacaq;

    - Yasamal və "Şamaxinka" adlanan əraziyə daxil olmaq istəyən sürücülər isə bu istiqamətlərdə təşkil olunacaq postlardan fasilələrlə buraxılacaqlar.

    Beləliklə, tədbir vaxtı Bakıda nəqliyyatın əsas hissəsi Biləcəri, Avtovağzal və Sumqayıt istiqamətinə yönəldiləcək.