Şuşada İƏT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
Tədbirdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və yüksək səviyyəli xarici rəsmilər iştirak edir
14:16
2020-ci ildə əzəli torpaqlarımızın erməni işğalından azad olunmasından dərhal sonra Azərbaycan genişmiqyaslı bərpa-yenidənqurma işləri həyata keçirməyə başladı.
Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın sədrliyi ilə Şuşa şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasında çıxışı zamanı deyib.
Həmin ərazilərdə çox qısa müddət ərzində böyük əhəmiyyət kəsb edən infrastruktur layihələrinin icra olunduğunu, o cümlədən iki beynəlxalq hava limanının tikilib istifadəyə verildiyini vurğulayan nazir bildirib: “Azad olunmuş ərazilərdə üçüncü hava limanının tikintisi Laçında davam etdirilir”.
Füzuli şəhərində artıq istifadəyə verilmiş məktəbə və tikintisi davam etdirilən yaradıcılıq mərkəzinə görə qardaş Özbəkistan və Qazaxıstana minnətdarlığını bildirən C.Bayramov bunu ölkələrimiz arasında olan qardaşlıq və həmrəyliyin bariz nümunəsi hesab edib.
"İşğaldan azad olunmuş ərazilərlə bağlı Böyük Qayıdış Proqramı bizim dövlətimizin əsas prioritetləri sırasındadır. Bu Proqram çərçivəsində keçmiş məcburi köçkünlər artıq Laçına, Füzuliyə, Ağalı, Zabux və Talış kəndlərinə köçürülüb".
Qarşıdan gələn 3 ildə təxminən 100 minə yaxın keçmiş məcburi köçkünün öz evlərinə qayıtmasının planlaşdırıldığını vurğulayan nazir deyib: “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi ilə yanaşı, əhalinin davamlı şəkildə köçürülməsi və layihələrin icra olunması bu ərazilərin inkişaf etmiş regiona çevrilməsinə şərait yaradır”.
***
Bu gün Azərbaycan Respublikasının sədrliyi altında Şuşa şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 27-ci iclası keçirilir.
Tədbirdə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və yüksək səviyyəli xarici rəsmilər iştirak edir.
Tədbir zamanı nazir Ceyhun Bayramovun ikitərəfli görüşlərinin keçirilməsi, habelə mətbuat konfransında bəyanatla çıxış etməsi nəzərdə tutulur.
Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətin mətnini xarici işlər naziri Ceyhun Bayramov oxuyub.
Müraciətdə postmünaqişə dövründə bölgədə yaranmış əməkdaşlıq perspektivləri öz əksini tapıb. Həmçinin ölkəmizin təşəbbüsü ilə İƏT-in illik mövzusunun “Yaşıl keçid və qarşılıqlı əlaqəlilik” olaraq müəyyən edildiyi, habelə Azərbaycanın milli, o cümlədən beynəlxalq səviyyədə bu istiqamətdə ardıcıl addımlar atdığı diqqətə çatdırılıb. Bu çərçivədə, işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılmasının qeyd olunan istiqamətlərdə görülən işlərin təcəssümü olduğu vurğulanıb.