Görkəmli Azərbaycan publisisti, jurnalist, pedaqoq, “Molla Nəsrəddin” jurnalının həmtəsisçisi, ictimai-siyasi xadim Ömər Faiq Nemanzadənin ailə üzvləri – nəvəsi Fuad bəy Pepinov və Londonda yaşayan nəticəsi Ülviyyə Pepinova ilə Nardaranda, onların bağ evində görüşüb, bu görkəmli ziyalımız haqqında çəkiləcək yeni sənədli filmin təfərrüatlarını müzakirə edirik. Birdən Ülviyyə xanım məndən Ömər Faiqin bioqrafiyası ilə bağlı yeni
sənədlərdən, daha doğrusu həmin sənədlərə əsasən “Uluslararası Ahıska araştırmaları dergisi”ndə (2025, № 5(1)) dərc olunan məqalədən xəbərim olub-olmadığın soruşur. Xəbərim yoxdur. Ülviyyə xanım dərginin elektron versiyasını mənə göstərir. Məqalənin və xüsusilə müəlliflərdən birinin adını görəndə heyrətimi saxlaya bilmirəm: “Ömer Faik Numanzade ve Mehmet Emin Resulzade’nin Biyografileriyle İlgili Yeni Veriler”. Orijinal Araştırma Makalesinin müəllifləri: Salavat İshakov, Rıdvan Chitilov.
Sonuncunu tanımıram, amma uzun illər əməkdaşlıq etdiyim, həmişə təmasda olduğum rusiyalı tarixçi həmkarım, çox ciddi, təcrübəli, Azərbaycan siyasi mühacirətinə dair bir sıra sənədli topluların və əsərlərin müəllifi Salavat İshakovun adını görəndə izahedilməz bir sevinc duyuram. “II Beynəlxalq Rəsulzadə qiraətləri”ndə Salavat İshakovun 2 məqaləsi dərc olunub, onların birini mənim xahişimlə yazıb və Rəsulzadənin Moskva dövrü həyatına (1920-1922) dair bir sıra həqiqətən yeni faktlarla zəngin tədqiqat ərsəyə gətirib. Əminəm ki, Rusiya arxivlərində yenə nəsə tapıb, hələ Ömər Faiq Nemanzadə də üstəlik.
Amma bu sevincim ani sürür, məqaləni gözdən keçirəndə və xüsusilə istinad olunan sənədləri görəndə az qala nitqim quruyur... Hər iki görkəmli şəxsiyyət haqqında qısa bioqrafik məlumatlar gətiriləndən sonra “bəlli” olur ki, 1920-ci ilin payızında Stalin tərəfindən azad edilərək Moskvaya aparılan və Millətlər üzrə Xalq Komissarlığında işləyən Məhəmməd Əmin Rəsulzadə 1921-ci ilin yayında elə Stalinin qərarı ilə Moskvadan Tiflisə ezam edilib və orada 3 Qafqaz Sovet respublikası – Azərbaycan SSR, Ermənistan SSR və Gürcüstan SSR ərazilərinin daxili sərhədlərinin müəyyənləşdirilməsi kimi “önəmli və kritik bir konuda” komissiyanın işində Sovet Azərbaycanının təmsilçisi olaraq iştirak edib! 1921-ci ilin sentyabrında isə Moskvaya qayıdıb!
İlkin halımı özünüz təsəvvür edə bilərsiniz. Dərhal mənbə axtarıram və müəlliflər məni bir az da qayğılandırır, qeyd edilir ki, Rəsulzadənin Nemanzadə ilə birlikdə Tiflisdəki komissiyanın işinə qatılması çağdaş Ermeni nəşrlərində göstərilsə də, “Azerbaycan yayınlarında yer almamaktadır”. Amma bu məlumatlar rəsmi sənədlərə əsaslanır və onların dərc olunduğu mənbə də göstərilir: “Zaqafqaziya respublikaları arasında daxili sərhədlərin müəyyənləşdirilməsi üzrə komissiyanın” sədri “yoldaş Kirov”, A.Svanidze, P. Todria (Gürcüstan SSR), A.Bekzadyan (Ermənistan SSR) yoldaşlarla bərabər “Azərbaycan SSR təmsilçiləri: M.D.Hüseynov, Hacınski, Rəsulzade, Ömər Faik yoldaşların” adları çəkilən 25, 26, 27 iyun 1921-ci il tarixli protokolları. – “Нагорный Карабах в 1918-1923 гг. Сборник документов и материалов. Издательство АН Армении, 1992. səh. 640-644”.




Bu sənədlər toplusu həmin dövr Cənubi Qafqaz regionu və xüsusilə Dağlıq Qarabağ məsələsi ilə məşğul olan hər bir tədqiqatçının az qala “stolüstü” kitabı sayılır, müasir anlamda yəni hamının kompüterində onun elektron variantı var. Azərbaycan arxivlərində olmayan bir sıra sənədlər, o cümlədən səhlənkarlığımız üzündən Şuşadan İrəvana aparılan Qarabağ general qubernatorluğunun arxivi ilə də məhz bu topluya səbəb tanış olmuşuq.
Mən təbii ki, məqalədə söhbətin həqiqətən Məhəmməd Əmin Rəsulzadədən getdiyi kimi absurd versiyanı dərhal rədd edirəm və mövqeyimi Pepinovlar üçün əsaslandırıram. Ömər Faiqin həmin komissiyanın işində iştirakı isə heç bir şübhə doğurmur. Belə ki, I dünya müharibəsinin başlanması ilə bölgədə hökm sürən xaos və hərc-mərclik şəraitində Gürcüstanda yaşayan azərbaycanlı və Axıska türk əhalisinin hüquqlarının müdafiəçisi kimi tanınan Nemanzadə 1917-1918-ci illərdə qurulmuş Cənubi-Qərbi Qafqaz Türk Respublikası (Qars Respublikası) yanında Axıska Müvəqqəti Hökumətinin başçısı olmuş, bu dövlət qurumu Gürcüstan Respublikası tərəfindən ləğv edildikdən sonra Axıska və Axalkələk əyalətlərinə muxtariyyət tələb etdiyi üçün Gürcü hökuməti tərəfindən 3 dəfə həbs edilərək təzyiqlərə məruz qalmış və yalnız Azərbaycan hökumətinin tələbi ilə azad olub Bakıya qayıtmışdı. Gürcüstanda Sovet hakimiyyəti qurulduqdan sonra Ömər Faiq bəy öz tələblərində bir daha israr etmiş və yerli azərbaycanlı və türk əhalisinin təmsilçisi kimi Gürcüstan İnqilab Komitəsinin üzvü olmuş, müsəlman sektoruna rəhbərlik etmişdir. Təbii ki, Ömər Faiq bəyin həmin komissiyanın işində iştirakı mümkün idi.
Beləliklə, sərhədlərlə bağlı komissiyanın protokollarında “Azərbaycan SSR təmsilçiləri” kimi adı keçən iki nəfərin kimliyi və statusu sual doğurmur: M.D.Hüseynov - Mirzə Davud Hüseynov, tanınmış bolşevik xadimi, həmin dövr Az.SSR Xalq Xarici İşlər komissarı. Və protokollarda yalnız “Ömər Faiq” kimi göstərilən, lakin soyadı heç bir başqa varianta yol verməyən Nemanzadə.
Bəs protokollarda yalnız “Rəsulzadə” və “Hacınski” kimi soyadları göstərilən şəxslərin məhz Məhəmməd Əmin Rəsulzadə və Cəmo bəy Hacınski (?) olduqlarına müəlliflərinin mütləq əminliyi haradandır??? Axı heç bir əlavə fakt, sübut gətirilməyib! Bu adların kimliyini dəqiqləşdirmək üçün də deyəsən heç bir cəhd edilməyib. İndi bu işi özüm görməli oluram. Bir sıra sənədləri qaldırandan, həmkarlarımla, xüsusilə mövzu üzrə mütəxəssislərlə müzakirələrdən sonra nəhayət ki, məsələ aydınlaşır. Sizləri bu axtarışların təfsilatı ilə yormayaraq dərhal intizardan qurtarıram.
Rəsulzadə - Sovet Azərbaycanının Gürcüstanda diplomatik nümayəndəliyinin və Batumdakı konsulluğunun rəhbəri Mirzə Davud Rəsulzadə. (mənbə: Fəxri Valehoğlu. Azərbaycan-Gürcüstan münasibətləri. 1918-1922 –ci illər. Diplomatik missiyaların fəaliyyəti prizmasından baxış. Bakı.2025.) Fəxri bəyə bu ehtimalı irəli sürdüyünə görə təşəkkürlər.
Hacınski – Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Muxtar Hacıyev. “Hacınski” kimi məhz bu adamın komissiyanın işində fəaliyyəti bir neçə mənbələr, o cümlədən Azərbaycan Xalq Komissarları Sovetinin Gürcüstana gedəcək komissiyanın tərkibi ilə bağlı arxiv sənədləri ilə təsdiq olunur.
Burada maraqlı bir haşiyə: Azərbaycan hökumətinin sənədlərində Tiflisdə sərhəd komissiyasının üzvlərinə dair məlum siyahıdan yalnız Mirzə Davud Hüseynov və Məmməd Hacıyevin adları çəkilir. Azərbaycandan nəzərdə tutulan daha digər iki nümayəndə – Ağamalı oğlu və d-r Vəkilov isə görünür ki, son nəticədə Tiflisə getməmişlər. Mümkündür ki, Mirzə Davud Rəsulzadə də sonradan bu tərkibə daxil edilmişdir, belə ki, başqa bir sənəddə Azərbaycan Nümayəndə heyətinin üzvləri kimi yalnız bu 3 nəfərin adları çəkilir. Ömər Faiq Nemanzadənin adı isə Azərbaycan sənədlərində ümumiyyətlə keçmir və ancaq nəşr edilmiş protokollarda göstərilir. Ehtimal etmək olar ki, həmin vaxt Gürcüstan İnqilab Komitəsinin Müsəlman sektorunun rəhbəri kimi Ömər Faiq bəy elə Tiflisin özündə, Gürcüstanda yaşayan azərbaycanlı və Axıska türklərinin təmsilçisi qismində Azərbaycan SSR nümayəndə heyətinin tərkibinə daxil edilmişdir.
Ümid edək ki, bu sıradan məsələlərlə bilavasitə mütəxəssislər məşğul olacaqlar, amma burada bir təəssüfümü də qeyd etməyə bilmirəm. Müraciət etdiyim mövzu – Azərbaycan-Gürcüstan sərhəd məsələləri – üzrə mütəxəssislərin heç birinin bu Tiflis komissiyasının, ən azı 1921-ci il 25,26,27 iyun iclaslarının protokolları haqqında məlumatları yox idi. Bu məqam – yəni, həmin müzakirələrin “Azerbaycan yayınlarında yer almadığı” fikri məqalə müəlliflərinin “yenilik” kimi qələmə vermək istədikləri məqalədə təəssüflə razılaşa bildiyim yeganə “yenilikdir”.
Burada çox hörmətli həmkarım Firdovsiyə xanım Əhmədovaya ayrıca təşəkkür etmək istəyirəm. Bağda olduğumdan və lazımı tarixi ədəbiyyata əlim yetişmədiyindən Firdovsiyə xanım dərhal Rəsulzadə adı ilə bağlı narahatlığımı və mövqeyini bölüşməklə bərabər, bir sıra sənədlərin üzlərini çəkib göndərməklə məni şəhərə gəlmək zəhmətindən azad etdi.
Həmin məqaləni diqqətimə çatdıran Pepinovlar – Fuad müəllim və Ülviyyə xanım mənim ilk növbədə Rəsulzadə ilə bağlı bu absurd “yeniliklərə” sərt reaksiyama və xüsusilə Salavat İshakovun bu növbəti səhlənkarlığına görə ünvanına dediyim töhmətlərə görə bir qədər pərt olmuşdular, özlərini bu işdə az qala günahkar sayırdılar, müəlliflərə yazılı cavab verməməyimi, Salavatın özü ilə danışmağımı təklif edirdilər. Salavat İshakova onsuz da zəng etmək və həmişəki kimi iradlarımı bildirmək fikrim vardı. Amma Rusiyaya ilk zəng təşəbbüslərim baş tutmadı və Moskvadakı bir tarixçi dostumuzdan Salavata deyəcəklərimi çatdırmağı xahiş edərək zəng cəhdlərindən əl çəkdim. Çox ciddi alim olan Moskvadakı dostumuzun eşitdiklərindən necə şoka düşdüyünü, bir müddət onun da nitqinin quruduğundan anladım.
Bu yazını da yazmağı, xəbərsizləri “oyatmağı” lazım və zəruri bildim. Belə ki, burada söhbət sadəcə Rəsulzadənin, yaxud Cəmo bəy Hacinskinin adları ilə bağlı yanlışlıqlardan getmir. Peşəkar, təcrübəli bir mütəxəssisin, Rəsulzadə irsinin daimi araşdırıcısı, Azərbaycan siyasi mühacirəti mövzusunda sanballı söz sahibi olan bir tarixçinin hansı səbəbdən olursa olsun, bu qədər ciddi təhrifə yol verməsi, Rəsulzadə kimi tanınmış bir tarixi şəxsiyyət haqqında hər hansı araşdırma aparmadan, elmi dövriyyəyə guya “yeni bioqrafik məlumatlar” buraxmaq kimi sensasiyaya uyması qəbuledilməzdir, ayıbdır. Ən azı rus dilində Vikipediyada “Армяно-азербайджанская война (1918—1920)” adlı geniş materiala baxılsaydı, sözü gedən komissiyadan bəhs edilərkən “Rəsulzadə” adı qarşısında yazılan (Məmməd Əmin Rəsulzadə ilə qarışdırmamalı) qeydi bəs idi ki, müəlliflər heç Mirzə Davud Rəsulzadəni tanımadan belə Məhəmməd Əminin adını çəkməsinlər.
Eynilə də Azərbaycan Cümhuriyyətinin 4 və 5-ci hökumət kabinetlərində nazir, AC Milli Şurasının üzvü, İstiqlal Bəyannaməsinə səs vermiş 26 nəfərdən biri, ictimai-siyasi və dövlət xadimi, hüquqşünas, iqtisadçı, teatr tənqidçisi və sənətşünas Cəmo bəy Hacınski! Sovet hakimiyyətini qəbul edib kadrlara böyük ehtiyac olduğu bir vaxtda Xalq Ədliyyə Komissarlığında İnzibati-Maliyyə Şöbəsinin rəisi işləyən bu görkəmli şəxsiyyətə və mütəxəssisə yeni hökumətin ”etimadı” uzun sürməmiş, artıq 1922-ci ildə həbs və sürgünlə əvəz olunmuşdu. Geniş yayılmış “Hacınski” soyadı altında nə üçünsə məhz Cəmo bəy Hacınskini “seçmiş” müəlliflər heç Azərbaycan arxiv materiallarına baxmadan, elə Vikipediyadakı həmin məqalə ilə kifayətlənsəydilər, Az.MİK sədri Muxtar Hacıyevin adını görəcəkdilər.
Cəmo bəylə bağlı səhlənkarlıqdan fərqli olaraq, məqalədə Rəsulzadənin bioqrafiyasına dair gətirilən “yeni məlumatlar” zərərlidir! Moskvada yaşadığı bir il yarım ərzində Sovet rejimi ilə hər hansı ciddi təmasdan yayınmış, bu ölkədən qaçırılacağını bilən və hazırlaşan, ömrünün sonuna kimi Azərbaycanda hakim bolşevik-sovet rejiminin düşməni olan prinsipial, mübariz bir İnsana - Siyasi Liderə guya “Stalinin tapşırığı ilə Sovet Azərbaycanını hansısa komissiyada təmsil etdiyi” kimi “yeni məlumat” Rəsulzadəyə qarşı böhtan, məqalə müəlliflərinin isə tarixçi adına rüsvayçılıq kimi qiymətləndirilə bilər. Rəsulzadənin Moskva dövrü həyatının öz ölkəsinin arxivlərində olan sənədlər üzrə ən mükəmməl araşdırıcısı olan Salavat İshakovun hər addımı izlənən Məhəmməd Əmin bəyə aid sən demə 1992-ci ildən dövriyyədə olan belə bir sənədi “gözdən qaçırması” və belə aludəçiliklə “yeni məlumat” kimi təqdim etməsi, açıq-aydın saxtakarlığa yol verməsi heç bir məntiqə sığmır. Təbii ki, məqalənin digər müəllifi Ridvan Ciftiyev də Salavat İshakovla birgə bu məsuliyyəti bölüşdürür.

“Uluslararası Ahıska araştırmaları dergisi”nin sözügedən məqalədəki bu faktlar ilə bağlı təkzib verəcəyini gözləyirik.
Məhəmməd Əmin Rəsulzadənin, Ömər Faiq Nemanzadənin və Cəmo bəy Hacınskinin işıqlı xatirələrinə dərin ehtiramla!