TBMM MM Komitəsinin sədri Hulusi Akar Gürcüstanda səfərdədir
O, Gürcüstan müdafiə naziri İrakli Çikovani və parlamentinin sədri Şalva Papuaşvili ilə görüşüb
Tbilisidə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komitəsinin sədri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanın müdafiə naziri İrakli Çikovani ilə görüşüb.
Məlumatı Gürcüstan Müdafiə Nazirliyi yayıb. Müdafiə naziri İrakli Çikovani Gürcüstan və Türkiyə arasında səmərəli əməkdaşlığın regional sülh və sabitliyin ilkin şərti olduğunu, bu kontekstdə strateji əməkdaşlığın əhəmiyyətinə xüsusi diqqət yetirildiyini qeyd edib.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli hərbi əməkdaşlığı da müzakirə ediblər. Qeyd olunub ki, bu üçtərəfli əməkdaşlığın məqsədi regional təhlükəsizliyi gücləndirməkdir. İrakli Çikovani qeyd edib ki, bu il Gürcüstanda Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçiriləcək.
***
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bu ölkədə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşüb.
Hulusi Akarın rəhbərlik etdiyi nümayəndə heyəti Papuaşvili ilə “Orta Dəhliz”in inkişafı məsələlərini müzakirə edib.
Tərəflər Ermənistan və Azərbaycan arasında sülh sazişinin əldə olunmasının vacibliyini vurğulayıblar.