XƏBƏRLƏR / Din

TDT dini məsələlər üzrə dövlət qurumları Şuşada FOTO

YENİLƏNİB

TDT dini məsələlər üzrə dövlət qurumları Şuşada FOTO
  • Oxuma müddəti:

    5 dəqiqə

  • 16:56

    Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşünün iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı ilə tanış olublar.

    Şuşa şəhəri ilə tanışlıq Azərbaycanın tanınmış şəxsiyyətləri Bülbül, Xurşidbanu Natəvan və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi mərkəzi meydanla başlayıb. Qonaqlara Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti, şəhərdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri barədə məlumat verilib. Bildirilib ki, 30 ilə yaxın işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

    Qonaqlar sonra Yaradıcılıq mərkəzində "Heydər Əliyev və Qarabağ” fotosərgisi, Xanqızı Natəvanın imarəti, Xanqızı bulağı, Şuşa qalası, Aşağı Gövhər ağa məscidi, Yuxarı Gövhər ağa məscidi ilə tanış olublar. Sonda Cıdır düzünə gələn qonaqlar buradan açılan gözəl mənzərəni seyr ediblər.

    ***

    15:41


    Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşü başa çatıb.

    Görüşün yekununda qurumlar arasında əməkdaşlığın institusional əsaslarını, gələcək birgə fəaliyyət istiqamətlərini özündə əks etdirən 11 bənddən ibarət Kommünike imzalanıb.

    Sənəddə Türk dövlətləri arasında dünyəvilik prinsipləri əsasında dövlət-din münasibətlərinin inkişaf etdirilməsi, dini sahədə təcrübə mübadiləsinin genişləndirilməsi, dini təhsil sahəsində əməkdaşlığın inkişafı, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, ailə institutunun möhkəmləndirilməsində qadınların rolunun artırılması, o cümlədən rəqəmsal informasiya mühitində dini maarifləndirmənin gücləndirilməsi ilə bağlı müddəalar öz əksini tapıb.

    Bununla yanaşı, Kommünikedə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində tarixi-dini və mədəni irsin bərpasına dəstəyin ifadə edilməsi, türk coğrafiyasında məzhəblərarası anlaşma və İslam həmrəyliyinin təşviqi, Türk-İslam mədəni irsinin beynəlxalq səviyyədə təbliği, həmçinin dini radikalizm, ekstremizm, terrorizm, islamofobiya və digər destruktiv təzahürlərə qarşı birgə mübarizənin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

    Eyni zamanda tədbirin yüksək səviyyədə təşkilinə göstərilən dəstəyə, yaradılan şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə, habelə Azərbaycan hökumətinə və əlaqələndirmə prosesinə verdiyi töhfə ilə əlaqədar Türk Dövlətləri Təşkilatının Katibliyinə minnətdarlıq ifadə olunub.

    Sonda növbəti görüşün 2027-ci ildə Qazaxıstanda keçirilməsi ilə bağlı qərar qəbul olunub.

    ***

    12:13

    Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci görüşü keçirilir.

    Tədbirdə TDT-nin Baş katibi, eləcə də Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın dini sahəyə məsul dövlət qurumlarının rəhbərləri iştirak edirlər.

    Türk xalqlarının ortaq milli-mənəvi, mədəni dəyərlərinin qorunması, müvafiq dövlət orqanları arasında əlaqələrin inkişaf etdirilməsi məqsədilə keçirilən görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılacaq. Toplantıda dövlət-din münasibətlərinin tənzimlənməsi, maarifləndirmə, qanunvericilik və idarəetmə sahələrində kadr hazırlığı üzrə əməkdaşlıq istiqamətləri nəzərdən keçiriləcək. Bununla yanaşı, türk xalqlarının ortaq dini-mədəni irsini əks etdirən abidələrin qorunması, bərpası və beynəlxalq səviyyədə tanıdılması, məzhəblərarası anlaşmanın, konfessiyalararası dialoqun, İslam həmrəyliyinin təşviqi, dini radikalizmə, ekstremizmə qarşı mübarizə sahəsində təcrübə, eləcə də, məlumat mübadiləsinin gücləndirilməsi məsələləri müzakirə olunacaq.

    Toplantının əsas mövzularından biri TDT çərçivəsində dini məsələlər üzrə dövlət qurumları arasında daimi əməkdaşlıq mexanizminin yaradılmasıdır. Bu təşəbbüs üzv dövlətlər arasında koordinasiyanın gücləndirilməsinə, qarşılıqlı fəaliyyətin institusional əsasda inkişafına və əməkdaşlığın daha da genişləndirilməsinə töhfə vermək məqsədi daşıyır.

    Sonda tərəflərin razılaşdırılmış mövqeyini və əməkdaşlıq istiqamətlərini əks etdirən Kommünikenin imzalanması nəzərdə tutulur.