11:49
Türk Dövlətləri Təşkilatının Müsəlman dini liderlərinin 7-ci Görüşündə Bakı bəyannaməsi qəbul edilib.
Bəyannaməni QMİ sədrinin birinci müavini Salman Musayev səsləndirib.
Bildirilib ki, TDT Müsəlman dini idarə rəhbərlərinin Şurası Beynəlxalq hüquq normalarına və TDT-nin prinsiplərinə əsaslanaraq, terrorizm, ekstremizm, separatizm, ksenofobiya, islamofobiya, türkofobiya, təkfirçilik, məzhəblər arası ayrıseçkilik və nifrət çağırışları meyillərinin qarşısının alınması üçün birgə səylər göstərməyə davam edir.
Qeyd edilib ki, TDT Müsəlman dini idarə rəhbərlərinin Şurası Türk-İslam mənəviyyatının və mədəniyyətinin potensialından dünyada sülhün və rifahın möhkəmləndirilməsi, onun dəyərlərinin dünyada yayılması və gənclərin maarifləndirilməsinə çalışır, dini təhsilin və milli özünü dərk etmənin təkmilləşdirilməsi üçün birgə elmi konfransların təşkili və dini mərkəzlərin yaradılmasına kömək edir, yetişməkdə olan yeni nəslə ənənəvi mənəvi dəyərləri ötürmək üçün tələbə, müəllim, ədəbiyyat və təcrübə mübadilələri, həmçinin dini və elmi tədqiqatların inkişafını təşviq edir, öz fəaliyyətini Türk-İslam mədəniyyətinin inkişafı, zənginləşdirilməsi və səmərəliliyi üçün müvafiq birgə layihələr hazırlamağa yönəldir, milli və dini əlamətdar günlərin, xüsusilə Ramazan və Qurban bayramlarının ilkin tarixlərinin spesifik xüsusiyyətlər nəzərə alınaraq birgə müəyyənləşdirilməsi, başlıcası isə, mötədil islam və məzhəblərlərarası anlaşma prinsiplərinə xidmət edən ortaq fətvaların işlənib hazırlanması işlərini davam etdirir.
Həmçinin vurğulanıb ki, TDT Müsəlman dini idarə rəhbərlərinin Şurası İnsan Hüquqları Ümumi Bəyannaməsi və Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasına əsasən, insan hüququları, o cümlədən qadın və uşaq hüquqlarının təşviqi və müdafiəsi sahəsində əməkdaşlıq edərək Türk-İslam mənəvi-əxlaqi dəyərlərinə uyğun olaraq qadınlar, gənclər və uşaqlar arasında dini-tərbiyəvi əhəmiyyətli tədbirlər keçirməyə, bu sahədə qarşılıqlı mübadilələr aparmağa, qadınların və gənc nəslin dövrün tələblərinə uyğun olaraq dini sahədə maarifləndirilməsi üçün şərait yaratmağa çalışır, Türk dövlətlərinin dini və mənəvi mühitinə xarici müdaxilə hallarının, zərərli təbliğatın, sektantlığın və hər hansı ideoloji təxribatların qarşısının alınması üçün birgə səylərini davam etdirir,
dini ədəbiyyatın və dinşünaslığın türk dövlətlərinin dillərinə tərcüməsi və onların qanunvericiliyə və milli ənənələrə uyğun olaraq tanıdılması, müvafiq metodologiyalar və vasitələrin mübadiləsi və onların inkişaf etdirilməsi məqsədi ilə birgə təlim seminarlarının, konfransların, simpoziumların və digər tədbirlərin təşkili sahəsində əməkdaşlığı davam etdirir, Türk dünyasının tarixinin öyrənilməsi və gənc nəsillərə aşılanması sahəsində əməkdaşlığı təşviq edir, habelə TDT-yə üzv olan ölkələrdə dini və tarixi yerlərinin birgə ziyarət olunması və turların təşkili, onların beynəlxalq səviyyədə təbliğinə çalışır.
TDT-nin Baş katibi Zati-aliləri səfir Kubanıçbek Omuralievin Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarələri Rəhbərləri Şurasının fəaliyyətinə verdiyi dəyərli töhfəni yüksək qiymətləndirir, onun səlahiyyət müddətinin başa çatmasını nəzərə alaraq, gələcək fəaliyyətində ona uğurlar arzulayırlar.
Nümayəndə heyətlərinin başçıları 7-ci Görüşün yüksək səviyyədə təşkilinə və bütün iştirakçılara göstərilən səmimi qonaqpərvərliyə görə Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə və Azərbaycan Hökumətinə, habelə hazırlıq və koordinasiya prosesinə verdiyi dəyərli töhfəyə görə Türk Dövlətləri Təşkilatının Katibliyinə dərin minnətdarlıqlarını ifadə edirlər.
14 sentyabr 2026-cı il tarixində Azərbaycan Respublikası, Bakı şəhərində qəbul edilmiş və imzalanıb. Sənəd ingilis dilində bir nüsxədə tərtib olunmuş və Türk Dövlətləri Təşkilatının Katibliyində saxlanılmaq üçün təhvil verilib.
***
11:16
Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin xalqları xoş günlərdə, çətin anlarda birlikdə olmağın əsl qardaşlıq nümunələrini nümayiş etdirirlər. Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsi günlərində biz Türkiyə Cümhuriyyətinin hərtərəfli dəstəyinin şahidi olduq. Vandalizmə məruz qalmış ərazilərimizə yeni həyat verilməsində, azad Qarabağa Böyük Qayıdışımız zamanı quruculuq işlərində türk dövlətləri bizə yardımlarını əsirgəmədilər.
Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini idarə rəhbərləri şurasının 7-ci görüşündə çıxışı zamanı deyib.

“Hər zaman yanımızda olan qardaş ölkələrin Füzuli və Ağdamda inşa etdirdikləri - Özbəkistanın hədiyyəsi Mirzə Uluqbəy adına tam orta məktəb, Qazaxıstanın hədiyyəsi Kurmanqazı adına Uşaq Yaradıcılığı Mərkəzi, Qırğızıstanın hədiyyəsi Aykol Manas adına tam orta məktəb və Türkmənistanın inşa etdirdiyi möhtəşəm məscid binası mənəvi dəyəri çox yüksək olan əsl qardaş ərməğanlarıdır. Fəxarətverici haldır ki, Türkiyədə zəlzələdən zərərçəkmiş Kahramanmaraş bölgəsində Azərbaycan tərəfindən inşa olunan məhəllənin açılışında Prezident Rəcəb Tayyib Ərdoğan və Prezident İlham Əliyev, Qarabağdakı məkanların açılışlarında qardaş türk ölkələrimizin rəhbərləri şəxsən iştirak ediblər”, - deyə o bildirib.
QMİ sədri növbəti, 8-ci görüşün Türkiyədə keçiriləcəyini qeyd edib.
***
09:31
Sentyabrın 14-də Bakıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Müsəlman Dini İdarələri rəhbərlərinin VII görüşü keçirilir.
Tədbirin açılış mərasimində Dövlət Himni səsləndirilib, “Qurani-Kərim” tilavət olunub.
Görüşə sədrlik edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə salamlama nitqi ilə çıxış edib.
Görüşdə müsəlman dini qurumları arasında əməkdaşlığın daha da gücləndirilməsi, ailə institutunun qorunması və möhkəmləndirilməsi, elm və texnologiyaya İslamın yanaşması, eləcə də digər aktual məsələlər müzakirə olunacaq.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Müsəlman Dini İdarə rəhbərləri Şurasının VII görüşündə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Respublikasının dini qurumlarının rəhbərləri iştirak edirlər.
Ümumilikdə isə tədbirə 40 ölkəni və 15 beynəlxalq təşkilatı təmsil edən dövlət, elm və din xadimləri qatılıblar.
8 dəqiqə