TDT Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilir
İclas TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə görüşü çərçivəsində baş tutur YENİLƏNİR

Oktyabrın 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı çərçivəsində bir sıra vacib sənədlər təsdiq edilib.
İclasda qəbul olunan sənədlər TDT-nin institusional əsaslarının möhkəmləndirilməsinə, üzv və müşahidəçi dövlətlər arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edir.
İclasda aşağıdakı qərarlar qəbul olunub:
1. Türk Akademiyasının Prosedur Qaydalarının 1-ci və 4-cü maddələrinə düzəliş edilməsi haqqında Qərar;
2. Türkmənistana Türk Akademiyasında müşahidəçi statusunun verilməsi haqqında Qərar;
3. Türkmənistana Türk Mədəniyyəti və İrsi Fondunda müşahidəçi statusunun verilməsi haqqında Qərar;
4. TDT Katibliyinin 2026-cı il üzrə büdcəsinin təsdiq edilməsi (Xarici İşlər Nazirləri Şurasının iclasının protokolu vasitəsilə);
5. TDT Katibliyinin 2024-cü il üzrə maliyyə hesabatının təsdiq edilməsi (Xarici İşlər Nazirləri Şurasının iclasının protokolu vasitəsilə);
6. Türk Akademiyasının 2026-cı il üzrə büdcəsinin təsdiq edilməsi (Xarici İşlər Nazirləri Şurasının iclasının protokolu vasitəsilə);
7. Türk Mədəniyyəti və İrsi Fondunun 2026-cı il üzrə büdcəsinin təsdiq edilməsi (Xarici İşlər Nazirləri Şurasının iclasının protokolu vasitəsilə).
***
11:07
Oktyabrın 7-də Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilib.
İclas TDT Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə Görüşü çərçivəsində baş tutub.
Toplantıda açılış nitqi ilə çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, beynəlxalq qurumlara inamın sarsıldığı dövrdə TDT-yə üzv ölkələr arasında qardaşlıq və qarşılıqlı etimad əsasında qurulan əməkdaşlıq əlaqələrinin dinamikası hamımız üçün təkcə qürur mənbəyi deyil, həm də gələcəyə ümidlə baxmağımıza möhkəm əsasdır. “Bu gün təşkilatımızın daha da gücləndirilməsi üçün üzv dövlətlərin təkliflərini dinləyəcəyik. Prezident İlham Əliyevin təşəbbüsü ilə TDT-nin illik Zirvə görüşlərinin sayının 2-yə çatdırılması əməkdaşlıq imkanlarımızın çevik, dərin və ətraflı müzakirəsi üçün fürsət yaradıb”, - deyə nazir əlavə edib.
Mövcud qlobal və regional təhlükəsizlik çağırışlarının qarşısında hərtərəfli siyasi koordinasiya və həmrəylik nümayişinin son dərəcə vacib olduğuna diqqət çəkən C.Bayramov qeyd edib ki, formalaşmaqda olan yeni beynəlxalq təhlükəsizlik arxitekturasında TDT-nin gücü birliyin rəmzi kimi daha mühüm rol oynamaq potensialına malikdir. “Azərbaycanın onilliklər boyunca münaqişə vəziyyətində olduğu Ermənistan ilə normallaşma prosesi istiqamətində göstərdiyi ardıcıl səylər, məqsədyönlü fəaliyyətlər də regionumuzda sülh və sabitliyin bərqərar edilməsinə hesablanıb”, - deyə o bildirib.
Nazir diqqətə çatdırıb ki, TDT-yə üzv dövlətlər coğrafi baxımdan təbii nəqliyyat, logistika, tranzit xətlərini təşkil edərək, Avropa və Asiya qitələri arasında körpü rolunu oynayır. “Təşkilat bu istiqamət üzrə nəhəng imkanlara malikdir. Bu xətt, eyni zamanda, Orta Dəhlizin ayrılmaz parçasıdır. Vaşinqton Zirvə Görüşü çərçivəsində Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz gediş-gəlişi təmin edəcək TRIPP marşrutunun bəyan edilməsi regionumuzda bağlantıların şaxələndirilməsi baxımından mühüm addımdır”.
TDT-nin Xarici İşlər Nazirləri Şurasının toplantısı işini müzakirələrlə davam etdirib.
***
09:43
“Ortaq dil, tarix və ənənələrə söykənən, Naxçıvan müqaviləsi ilə təməli qoyulan təşkilatımız çərçivəsində siyasi, iqtisadi və mədəni istiqamətlər daxilində 35-dən çox sahədə əməkdaşlıq inkişaf edib”.
Bunu Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir bildirib ki, beynəlxalq qurumlara inamın sarsıldığı dövrdə TDT arasında qardaşlıq və qarşılıqlı etimad əsasında qurulan əməkdaşlıq əlaqələrinin dinamikası hamımız üçün təkcə qürur mənbəyi deyil, gələcəyə ümidlə baxmağımıza möhkəm əsasdır: “Bu gün təşkilatımızın daha da gücləndirilməsi üçün üzv dövlətlərin təkliflərini dinləyəcəyik. Prezident İlham Əliyevin təşəbbüsü ilə TDT-nin illik Zirvə görüşlərinin sayının 2-yə çatdırılması əməkdaşlıq imkanlarımızın çevik, dərin və ətraflı müzakirəsi üçün fürsət yaradıb”.
***
09:07
Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının toplantısı keçirilir.
İclas TDT Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə görüşü çərçivəsində baş tutur.