XƏBƏRLƏR / Diplomatiya

TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirilib

Tədbir Antalya Diplomatiya Forumu çərçivəsində olub YENİLƏNİB

TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirilib
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 03:20

    Aprelin 18-də xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak və çıxış edib.

    Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazir çıxışında Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclaslarının müntəzəm keçirilməsini müsbət qiymətləndirib, bu formatın təşkilatın gündəliyində duran məsələlərin açıq və səmərəli müzakirəsi, həmçinin sürətlə dəyişən qlobal və regional proseslərə dair fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətini vurğulayıb.

    Beynəlxalq münasibətlər sistemində dərin transformasiya prosesinin getdiyi, geosiyasi parçalanmanın gücləndiyi, qlobal idarəetmədə qeyri-müəyyənliklərin artdığı və müxtəlif regionlarda münaqişə və böhranların vüsət aldığı hazırkı dövrdə TDT-nin rolunun daha da aktuallaşdığı qeyd olunub.

    TDT-nin gücünün onun birliyində, ortaq dəyərlərində və ümumi baxışında əks olunduğu diqqətə çatdırılıb və əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsinin təşkilatın regional və qlobal çağırışların həllində rolunu daha da gücləndirəcəyinə inam ifadə olunub.

    Görüşdə Yaxın Şərqdə son inkişaflar fonunda böhranın regional təhlükəsizliyə, qlobal və regional təchizat zəncirlərinə, iqtisadi və investisiya əlaqələrinə təsiri müzakirə olunub.

    Atəşkəs və vasitəçilik səyləri nəticəsində əldə olunmuş irəliləyişlərin davamlı sülh ilə nəticələnməsi üçün real və davamlı strategiyaların vacibliyini vurğulayıblar.

    İclas zamanı qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    ***

    18.04.2026-cı il

    17:48

    Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçirilir.

    V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən iclasda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da iştirak edib.

    ***

    12:03

    Bu gün Antalya Diplomatiya Forumu çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası keçiriləcək.

    Bu barədə "TRT Haber" məlumat yayıb.

    Qeyd olunub ki, iclas TDT-nin 7 oktyabr 2025-ci ildə Qəbələdə keçirilmiş 12-ci Zirvə toplantısında qəbul edilən "xarici işlər nazirlərinin daha tez-tez bir araya gəlməsi" qərarına uyğun olaraq təşkil olunacaq.

    İclasda Türk dünyasının xarici siyasət üzrə koordinasiyası, Qəzza və İran kontekstində regional məsələlər, eləcə də Türkiyənin ilin ikinci yarısında üzərinə götürəcəyi TDT Dövr Sədrliyi prosesi müzakirə olunacaq.