XƏBƏRLƏR / İctimaiyyət

Tərtərdə mina partladı, traktorçu yaralandı

Elçin Nurəliyevin sağ qolu amputasiya edildi

Tərtərdə mina partladı, traktorçu yaralandı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 09:28

    Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) Tərtər rayonunun işğaldan azad olmuş hissəsində baş verən mina partlayışı barədə məlumat yayıb.

    Qurumdan verilən məlumatda bildirilib ki, 2023-cü il 26 oktyabr tarixində Tərtər rayonunun işğaldan azad olmuş hissəsində minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

    "Məlumata əsasən tank əleyhinə mina partlayışı nəticəsində traktorla əkin işləri aparan traktorçu 1970-ci il təvəllüdlü Cəlilabad rayon sakini Nurəliyev Elçin Xanbala oğlu xəsarət alıb. Xəsarət alan şəxsin sağ qolu amputasiya edilib. 

    ANAMA bir daha vətəndaşları təhlükəli ərazilərə daxil olmamağa, məsuliyyətli davranmağa, tələb olunan qaydalara riayət etməyə çağırır!", - deyə məlumatda vurğulanıb.

    ***

    Oktyabrın 26-sı saat 07 radələrində Tərtər rayonunun Talış kəndi ərazisində 1970-ci il təvəllüdlü Elçin Nurəliyevin minaya düşməsi nəticəsində müxtəlif dərəcəli xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Bu barədə  Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

    Hazırda faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

    Son məlumata görə, xəsarət alan şəxsin sağ qolu amputasiya edilib.