XƏBƏRLƏR / İctimaiyyət

Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu

Bir qrup tanınmış ziyalısı həbsdə aclıq aksiyası keçirən Tofiq Yaqublu ilə bağlı müraciət ünvanlayıblar

Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət olundu
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Azərbaycanın bir qrup tanınmış ziyalısı həbsdə aclıq aksiyası keçirən Tofiq Yaqublu ilə bağlı Prezidentə müraciət ünvanlayıblar.

    Müraciətdə T. Yaqublunun keçirdiyi aclıq aksiyasının artıq 6-cı həftəni geridə qoyduğu və aclığın yaratdığı fiziki-psixoloji fəsadların onun həyatına real təhlükə yaratdığı bildirilib.

    Müraciətdə deyilir:

    “Bu gün Azərbaycanın müstəqilliyi uğrunda xalq hərəkatının fəal iştirakçılarından biri, Qarabağ qazisi Tofiq Yaqublunun həyatı real təhlükə qarşısındadır. Onun həbsxanada başladığı ölüm aclığı terminal mərhələyə qədəm qoyub. Tam qida aclığının artıq 6-cı həftədə yaratdığı fəsadlar ciddi təşviş doğurur. Aclıqdan qaynaqlanan kəskin halsızlıq və zəiflik, yaddaşın zəifləməsi və hərdən itməsi, fikirləri qarışdırması, tutmaşəkilli dözülməz mədə ağrıları, ürəkbulanma, qusma, yetərincə çəki itkisi 65 yaşlı bir insan üçün birbaşa ölümə doğru gedən yoldur.

    Tofiq Yaqublu və onun ailəsi bir neçə il öncə gənc qızları Nərgizin itkisinin acısını hələ də sarsıntı ilə yaşamaqdadır. Digər qızı Nigar hazırda hamiləliyin son günlərini yaşayır. Ailə son dərəcə həyəcan və təlaş içərisindədir. Hər an gözlənilməyən hadisələr baş verə və bir ailə yeni faciə ilə üzləşə bilər.

    Cənab Prezident! Dövlətin öz vətəndaşına mərhəmət və humanizm göstərməsi onun gücünün və əzəmətinin ifadəsidir. Sizdən rəhbərlik etdiyiniz ölkənin vətəndaşı kimi Tofiq Yaqublunun həyatını xilas etmək üçün iradə göstərməyinizi xahiş edirik”.

    Müraciəti aşağıdakı tanınmış şəxslər imzalayıb:

    Adil Qeybulla - Professor

    Sabir Rüstəmxanlı - Xalq şairi, VHP sədri

    Məmməd İsmayıl - Şair

    Rüstəm Behrudi - Şair

    Cavanşir Quliyev - Əməkdar İncəsənət Xadimi

    Qulu Məhərrəmli - Professor

    Erkin Qədirli - Millət vəkili

    Eldəniz Quliyev - Ssenarist, kinodramaturq

    Hilal Məmmədov - Hüquq müdafiəçisi

    Qorxmaz İbrahimli - İctimai xadim

    Sərdar Cəlaloğlu - ADP sədri

    MirMahmud Mirəlioğlu - KXCP sədri

    Bahəddin Həzi - Yazıçı-publisist