Tokayev Bakı və İrəvanın Almatı görüşünü alqışlayır
Söhbət iki dövlət arasında sülh müqaviləsinin hazırlanmasına dair danışıqlardan gedir
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sülh müqaviləsinin hazırlanması məqsədi ilə növbəti danışıqların Qazaxstanda keçirilməsinə razılıq veriblər. Bununla əlaqədar Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hər iki ölkəyə müraciət edib. Müraciətdə deyilir:
"Mən Azərbaycan Respublikası və Ermənistan Respublikasının Qazaxıstan tərəfinin təklifi ilə xarici işlər nazirləri arasında iki dövlətin Sülh müqaviləsinin hazırlanmasına dair danışıqların aparılmasına razılıq verməsini alqışlayıram.
Danışıqların Almatıda aparılması çox simvolikdir.
Bu mühüm hadisə 1991-ci ilin dekabrında MDB ölkələrinin müstəqil inkişafının əsaslarını müəyyən edən və dövlətlərarası sərhədlərin müəyyən edilməsi prinsiplərini təsdiq edən tarixi Alma-Ata Bəyannaməsinin imzalandığı Almatıda baş verəcək.
Qarşıdan gələn görüş Azərbaycan-Ermənistan razılaşmalarının praktiki icrasına xidmət edəcək, Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün tezliklə bərqərar olmasına töhfə verəcək".