Tramp yazıçı Kerrollu məhkəməyə verib
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb
ABŞ-ın keçmiş prezidenti Donald Tramp daha əvvəl onu zorlama və böhtan atmaqda ittiham edən yazıçı Elizabeth Jean Kerrolla qarşı əks iddia qaldırıb.
Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
ABŞ administrasiyasının keçmiş rəhbəri Kerrollu zorlama iddialarına görə onun reputasiyasına xələl gətirməkdə ittiham edir, baxmayaraq ki, hakim onu bu ittiham üzrə təqsirli bilməyib.
Agentliyin məlumatına görə, Trampın nümayəndələrinə qarşı iddia qaldırmaq imkanı məhkəmənin yazıçıya Ağ Evin keçmiş rəhbərinə qarşı iddianı əlavə etməyə icazə verməsindən sonra yaranıb. Buna səbəb eks-prezidentin CNN telekanalının efirində yazıçını “dəli”, onun arqumentlərini “saxta” və “uydurma” adlandırması olub. Bu iş üzrə icraatın başlanması 2024-cü ilin yanvar ayına təyin edilib. Kerroll Trampdan 10 milyon dollar təzminat tələb edir.
Mayın 9-da Nyu-Yorkda münsiflər heyəti Trampı təqib və böhtan atmaqda ittiham edən yazıçının mülki iddiasında təqsirli bilib, münsiflər heyəti isə onu zorlamada təqsirli bilməyib. Ağ Evin keçmiş rəhbəri Kerrolla 5 milyon dollar ödəməlidir.