XƏBƏRLƏR / Seçki

Trampa qarşı yeni sui-qəsd YENİLƏNİB

Donald Trampın Floridada yerləşən qolf klubunun yaxınlığında atışma olub

Trampa qarşı yeni sui-qəsd YENİLƏNİB
Donald Tramp
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Rayan Uesli Rut Florida ştatında Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd cəhdində şübhəli bilinir.

    Bu barədə "Fox News" telekanalı mənbələrə istinadən məlumat yayıb.

    Rayan Uesli Rut

    Məlumata görə, Rut avtomatının lüləsini Palm-Biçdə (Florida ştatı-red) “Trump International Golf Club”un hasarından keçirib. Şübhəli şəxs Amerika administrasiyasının keçmiş rəhbərindən 270-450 m aralıda olub.

    Hadisə Pensilvaniya ştatının Butler dairəsində Trampa edilən sui-qəsd cəhddən təxminən iki ay sonra baş verib.

    Tramp iyulun 13-də seçkiqabağı mitinqdə güllələnib. Respublikaçı yüngül yaralanıb, qulağı zədələnib.

    Atəş açan 20 yaşlı amerikalı Tomas Metyu Kruks ABŞ-nin birinci şəxslərini, prezidentliyə namizədləri və keçmiş liderləri qoruyan Məxfi Xidmətin əməkdaşları tərəfindən zərərsizləşdirilib. FTB hadisəni sui-qəsd cəhdi kimi qiymətləndirib.

    ***

    01:00

    ABŞ-ın keçmiş prezidenti, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın Floridada yerləşən qolf klubunun yaxınlığında atışma olub.

    Hadisə zamanı Donald Tramp klubda olub. İlkin məlumata görə, hadisə iki nəfərin bir-birinə atəş açması nəticəsində baş verib. Donald Trampın kampaniyası atışmadan dərhal sonra məlumat yayaraq, ona qarşı heç bir təhlükənin olmadığını bildirib.

    Atışmada Respublikaçılar Partiyasından prezidentliyə namizədin hədəf olub-olmaması hələlik məlum deyil. ABŞ Məxfi Xidməti hadisə ilə bağlı araşdırma apardığını və hadisənin yerli vaxtla saat 14:00 (Bakı vaxtı ilə saat 22:00) radələrində baş verdiyini yayıb.

    Ağ evdən bildirilib ki, Prezident Co Bayden və Demokratlar Partiyasından prezidentliyə namizəd, vitse-prezident Kamala Harris insidentlə bağlı məlumatlandırılıb və onlara davamlı olaraq son detallar barədə məlumat veriləcək. Ağ ev əlavə edib ki, onlar Trampla bağlı hər şeyin qaydasında olmasından şaddırlar.