Dünya liderləri Trampı təbrik edir YENİLƏNİR
D.Tramp: "Tarix yazdıq, tayı-bərabəri olmayan qələbə qazandıq"
13:28
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın prezidenti seçilən Donald Trampı təbrik edib.
Bu barədə o, özünün sosial media hesabında yazıb.
"ABŞ-da böyük mübarizədən sonra prezident seçkilərində qalib gələn və yenidən ABŞ prezidenti seçilən dostum Donald Trampı təbrik edirəm", - o qeyd edib.
"Yeni dövrdə Türkiyə-ABŞ əlaqələrinin güclənəcəyini və Fələstin məsələsi və Rusiya-Ukrayna müharibəsi başda olmaqla regional və qlobal böhranların və müharibələrin sona çatacağını ümid edirik. Daha ədalətli dünya üçün daha çox səy göstəriləcəyinə inanıram. Ümid edirəm ki, seçkilər dost və müttəfiq ABŞ xalqı və bütün bəşəriyyət üçün faydalı olacaq", - Ərdoğan əlavə edib.
***
12:43
Dünya liderləri və siyasətçiləri ABŞ-da keçirilən prezident seçkilərində qələbəsini elan edən respublikaçı namizəd Donald Trampa təbrik mesajları ünvanlayıblar.
Bir çox ölkənin lideri Trampı təbrik edib.
Fransa Prezidenti Emmanuel Makron, Macarıstanın Baş naziri Viktor Orban, Litva Prezidenti Gitanas Nauseda, Latviya Prezidenti Edqars Rinkeviç, Ukrayna Prezidenti Volodimir Zelenski, İsrailin Baş naziri Benyamin Netanyahu, Serbiya Prezidenti Aleksandr Vuçiç, Avstriya Kansleri Karl Nehammer, NATO-nun Baş katibi Mark Rutte, El Salvador Prezidenti Nayib Bukele və İtaliya Baş nazirinin müavini Matteo Salvini Trampı təbrik ediblər.
Makron “sülh və firavanlıq naminə” respublikaçı ilə işləməyə hazır olduğunu bildirib. Macarıstanın baş naziri əmindir ki, Trampın qələbəsi “bütün dünya üçün çox lazımdır”. Netanyahu Donald Trampın Ağ Evə qayıtmasını “tarixi”, Zelenski isə təsirli hesab edib. Zelenski qeyd edib ki, o, “prezident Trampın həlledici rəhbərliyi altında güclü Amerika Birləşmiş Ştatlarının erasını gözləyir” və həmçinin Ukraynaya davamlı dəstəyi səbirsizliklə gözləyir.
Avstriya kansleri ABŞ-ı mühüm strateji tərəfdaş adlandırıb, o, “qlobal problemləri birlikdə uğurla həll etmək üçün” transatlantik əlaqələri daha da gücləndirməyə ümid edir. Latviya prezidenti də analoji ümidi dilə gətirib.
Vuçiç bildirib ki, Serbiya sabitlik, firavanlıq və sülh naminə ABŞ ilə əməkdaşlığa sadiqdir. İtaliyanın baş nazirinin müavini Matteo Salvini Donald Trampın qeyri-qanuni miqrasiya ilə mübarizə və vergilərin azaldılması planlarını, həmçinin “Xristian dəyərləri və sülhə qayıdış, ifadə və fikir azadlığı” ilə bağlı planlarını bölüşdüyünü bildirib.
***
11:46
"Tarix yazdıq!".
Bunu ABŞ-da Respublikaçıların prezidentliyə namizədi Donald Tramp seçkilərdən sonra keçirdiyi brifinqdə bildirib.
“47-ci Prezidentinizi seçdiyiniz üçün sizə təşəkkür edirəm”, - Tramp seçicilərinə xitabən deyib.
O, tayı-bərabəri olmayan qələbə qazandığını bəyan edib. Tramp bütün problemləri həll edəcəyinə də söz verib.
ABŞ üçün "qızıl əsr" vəd edən Donald Tramp Senata nəzarəti bərpa etdiklərini vurğulayıb.