Türk Dövlətləri Təşkilatı Qarabağda qondarma seçkini pislədi
TDT Baş katibi Kubanıçbek Ömürəliyev qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb
Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömürəliyev Azərbaycan Respublikası ərazisində qanunsuz rejimin təşkil etdiyi qondarma “prezident seçkiləri” ilə bağlı bəyanat yayıb.
Türk Dövlətləri Təşkilatının Baş katibi Ermənistanın Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaratdığı qanunsuz rejim tərəfindən 9 sentyabr 2023-cü ildə təşkil edilmiş qondarma “prezident seçkiləri” ilə bağlı dərin narahatlığını ifadə edib.
“Biz regionda sülh və sabitliyə xələl gətirən bu təxribatçı hərəkəti beynəlxalq hüququn, eləcə də Azərbaycan Konstitusiyasının və qanunlarının kobud şəkildə pozulması kimi qətiyyətlə pisləyirik. Eyni zamanda, biz, Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin öz konstitusiya quruluşuna yenidən inteqrasiyası istiqamətində səylərini yüksək qiymətləndiririk”.
“Baş katib Qarabağ bölgəsinin Azərbaycanın və Türk Dünyasının bir hissəsi olduğunu bir daha vurğulayır və buna görə də Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə mane ola biləcək hər hansı hərəkətlərdən çəkinməyə çağırır və konstruktiv dialoqa çağırır” – bəyanatda bildirilib.
Qeyd edək ki, Araik Arutunyanın istefasından sonra Samvel Şahramanyan bu gün Qarabağdakı erməni quldurlarının yeni başçısı olub.