BLOQ

Türk tarixinin böyük siması Əhməd bəy Ağaoğlu

Bu gün onun vəfatı günüdür

Türk tarixinin böyük siması Əhməd bəy Ağaoğlu
Əhməd bəy Ağaoğlu
  • Oxuma müddəti:

    8 dəqiqə

  • Türkçülük hərəkatı ideoloqlarından biri, görkəmli ictimai-siyasi xadim, publisist, yazıçı, hüquqşünas, şərqşünas-islamşünas alim, jurnalist və pedaqoq Əhməd bəy Mirzə Həsən oğlu Ağayev (Ağaoğlu) 1869-cu ilin dekabrında Şuşada anadan olmuşdur. Qarabağ xanı Pənahəli хаnın nəslindəndir.

    İlk təhsilini Şuşadakı rus məktəbində və Tiflis gimnaziyasında almış, Peterburq Mühəndis-Texniki İnstitutuna daxil olub, lakin təhsilini yarımçıq qoyaraq 1888-ci ildə Parisə getmiş və orada hüquq məktəbini, sonra isə Sarbonna Universitetini bitirmişdir. Əhməd bəy о zaman həm yerli, həm də əcnəbi mətbuatda elmi məqalələrlə çıxış etmişdir. 1894-cü ildə Qafqaza qayıdan ədib 1896-cı ildə Şuşaya gedərək realnı məktəbdə fransız dilindən dərs demişdir.

    1897-ci ildə H. Z. Tağıyevin dəvəti ilə Bakıya köçərək realnı məktəbdə fransız dili müəllimi, “Kaspi” qəzetində əməkdaş, daha sonra 1898-1907-ci illərdə ədəbi şöbənin müdiri olmuşdur. 1906-cı ildə “Difai” partiyasını yaratmışdır. 2 dəfə çar II Nikolayın qəbulunda olaraq azərbaycanlıların Bakı ətrafındakı neftli torpaqlardan köçürülməsinin qarşısını almışdır.

    1905-1909-cu illərdə “Həyat”, “İrşad”, “Proqress”, “Tərəqqi” qəzetlərində redaktor, naşir işləmişdir. Təqiblər üzündən Türkiyəyə mühacirət edən Ə. Ağaoğlu burada “Gənc türklər”lə yaxınlaşıb, “İttihad və tərəqqi” partiyasına daxil olmuşdur. Rusiyada yaşayan azsaylı xalqların 1915-ci ildə Lozannada keçirilən konfransında Azərbaycanı təmsil etmişdir. 1918-ci ildə Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın siyasi müşaviri kimi Azərbaycana dönərək, ADR parlamentinə üzv seçilən Ə. Ağaoğlu Paris Sülh Konfransında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin tərkibində 1919-cu ildə İstanbula getmişdir. Lakin İstanbulda “türk jurnalisti və Türkiyə parlamentinin deputatı” kimi ittiham edilərək ingilislər tərəfindən tutulub Malta adasına sürgün olunmuşdur. 1921-ci ildə sürgündən azad edilib və İstanbula qayıdaraq Türkiyə Qurtuluş Savaşında fəal iştirak etmişdir.

    Mustafa Kamal Atatürkün yaxın məsləhətçisi olmuş, 1920-ci illərdə Türkiyənin dövlət mətbuat bürosuna müdir təyin edilmişdir. Qars bölgəsindən iki dəfə Türkiyə Böyük Millət Məclisinə deputat seçilən Ə. Ağaoğlu Ankara Universitetinin professoru və “Hakimiyyəti-milliyyə” qəzetinin redaktoru işləmişdir. Əhməd bəy Ağaoğlu qaraciyər iltihabından ürək çatışmazlığı nəticəsində 19 may 1939-cu ildə İstanbulda dünyasını dəyişib. Ağaoğlunun cənazəsi Nişantəpədəki evindən, Təşfikiyyə camisinə gətirilib. Cənazə namazı qılındıqdan sonra isə Feriköy məzarlığında həyat yoldaşının yanında dəfn olunub.

    Türkiyədəki bir sıra ictimai təşkilatların yaradıcısı Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu 1903-cü ildə Şuşada anadan olmuşdur. Türkiyənin ilk qadın vəkili, Beynəlxalq Qadın Hüquqşünaslar Cəmiyyətinin ilk prezidenti olan S. Ağaoğlu İstanbul Hüquq Fakültəsini bitirdiktən sonra ömrünün sonuna qədər vəkilliklə məşğul olmuşdur. 1921-ci il iyulun 18-də erməni qatil Torlakyan İstanbulun “Pera-Palas” hotelinin önündə Azərbaycan Xalq Cümhuriyyətinin daxili işlər naziri Behbud xan Cavanşiri üç güllə ilə qətlə yetirir və həbs olunur. Həmin vaxt İstanbul ingilis işğalı altında olduğundan cani cinayət hadisəsindən 20 gün sonra ingilis hərbi tribunalında mühakimə edilir.

    S. Ağaoğlu hüquqşünas tələbə kimi iştirak etdiyi bu tarixi məhkəmənin yekunu barədə “Bir ömür də belə keçdi” adlı memuarında yazır: “Nəhayət, məhkəmə bitdi. Prokuror qatil üçün ölüm cəzası istədi. Bu tələb hətta bizi çaşdırdı. Lakin prokuror 24 saat içərisində Türkiyədən uzaqlaşdırıldı. Yerinə gələn prokuror isə müttəhimə bəraət istədi və qatil Torlakyan gecə ikən qaçırıldı”. Məhkəmədən illər sonra S. Ağaoğlu Londonda olarkən prokuror Rickatson Hatt ilə görüşür. Görüş zamanı həmin prokuror məlum məhkəmənin sədri ilə Çində görüşdüyünü və sədrin ona türklərin bu davada haqlı olduğunu söyləyir. S. Ağaoğlu Azad Fikirləri Yayma Dərnəyi və Türk-Amerikan Universitet Tələbələri Dərnəyinin təməlqoyucusudur. Bir sıra hüquqi məqalələrin, “Londonda gördüklərim” və “Bir ömür də belə keçdi” kitablarının müəllifidir.

    Sürəyya Ağaoğlu 29 dekabr 1989-cu ildə İstanbulda beyninə qan sızması nəticəsində vəfat etmişdir.

    İkinci qızı Tezer Taşqıran 1907-ci ildə Bakıda anadan olub. Əsl adı Təzəxanım olsa da, Türkiyəyə köçdükdən sonra Tezer olaraq rəsmiləşdirilib. Universiteti bitirdikdən sonra Tezer Ankara qız və oğlan liseylərində fəlsəfə müəllimi kimi fəaliyyət göstərir. O, oğlan məktəbində dərs deyən ilk qadın müəllim olur. Daha sonra Ankara Qız Liseyinin və İstanbul Qız Müəllimlər Məktəbinin müdiri vəzifələrində çalışır. 1944-cü ildə Kastamonudan, 1946 və 1950-ci illərdə isə Qarsdan Türkiyə Böyük Millət Məclisinə deputat seçilib. Yüzlərlə məqalənin və 12 kitabın müəllifidir.

    Əhməd bəy Ağaoğlunun böyük oğlu Əbdürrəhman Ağaoğlu Fransada ali mühəndis təhsilinə yiyələnib, Türkiyənin çağdaş elektrik şəbəkələrinin qurulmasının pionerlərindən biri kimi tanınmışdır.

    Qardaşı Səməd Ağaoğlu 1909-cu ildə Bakıdа dünyaya gəlmişdir. Аnkarada hüquq fakultəsini bitirdikdən sonra bir müddət Strasburqda işləməli olur. S. Ağaoğlu elə bu illərdə yaradıcılığa başlamışdır. Fransada keçən illərini “Strasburq xatirələri“ adlı kitabında əks etdirmişdir. Türkiyəyə döndükdən sonra bir sıra mühüm dövlət işlərində çalışan S. Ağaoğlu üç dəfə Böyük Millət Məclisinə deputat seçilmiş, baş nazirin müavini, dövlət naziri olmuşdur. 1960-cı ildə Calal Bayar-Menderes işinə görə ömürlük həbs cəzasına məhkum olunmuş, 1964-cü ildə amnistiyaya buraxılmışdır. “Rus sovet imperiyası”, “Mərmərə dənizində ada”, “Qafur müəllim”, “Babamın arkadaşları” və s. iyirmidən artıq kitabın müəllifidir. S. Ağaoğlunun nəsr yaradıcılığı və qələmə aldığı memuarlar mühacirət ədəbiyyatımızın ən maraqlı səhifələrindən birini təşkil edir. Türkiyənin ədəbi-siyasi mühitində bir zаmаnlаr böyük nüfuz sahibi olmuş bu şəxsiyyət haqqında ən mötəbər mətbuat orqanlarında yazılar dərc edilmiş, əsərləri təhlil və tədqiqat obyektinə çevrilmişdir. O, 1967-ci ildə ulularının vətəni Azərbaycanı ziyarət etmişdir. Səməd Ağaoğlu 1982-ci il avqustun 6-dа dünyasını dəyişmişdir.