İğdır vilayətinin Dilucu–Aralıq xətti üzərində, Araz çayı hövzəsində yerləşən və Türkiyənin Ermənistanla birbaşa quru sərhədindəki ən vacib keçid nöqtələrindən biri olan Alican Sərhəd Keçid Məntəqəsində hazırlıq işləri gedir.
Türkiyə mətbuatı xəbər verir ki, Alican Sərhəd Keçid Məntəqəsinin yaxın günlərdə açılması gözlənilir. Burada intensiv işlər aparılır, sürətli hazırlıq prosesi başlanıb. Hazırda birinci dərəcəli hərbi qadağan zona statusunda olan keçid məntəqəsində normal şəraitdə aylar çəkə biləcək işlərin cəmi bir neçə gün ərzində tamamlandığı bildirilir.
İğdır valisi Ercan Turan işlərə mütəmadi nəzarət edir. Onun əsas prioriteti gömrük fəaliyyətlərinin operativ şəkildə işə salınması və sahənin gömrük qurumlarına təhvil verilməsidir. İl Xüsusi İdarəsinə məxsus texnika ərazidə fasiləsiz işləyir, mülki rəhbərlik isə prosesi yerində izləyir.

Qarabağ müharibəsidən sonra başlanmış normallaşma prosesi Türkiyə ilə Ermənistan arasındakı münasibətlərdə yeni mərhələyə keçidi şərtləndirib. Aparılan danışıqlar nəticəsində əvvəllər yalnız protokol məqsədilə istifadə edilən Alican keçidinin tamhüquqlu gömrük xidməti göstərməsi üçün yenidən qurulması qərara alınıb.
Bu çərçivədə gömrük sahəsinə müasir hərbi konteynerlər gətirilib, hərbi post üçün ayrıca zona ayrılıb. Eyni zamanda gömrük əməliyyatlarının səmərəli təşkili üçün əlavə xidmət sahələri inşa olunur.
Məsələ ilə bağlı açıqlama verən vali Ercan Turan İğdırın üç ölkə ilə sərhədi olan strateji mövqeyini xatırladaraq bildirib ki, bölgə hər baxımdan hazır olmalıdır: “Ölkəmizə və şəhərimizə yaraşan müasir gömrük sahəsi yaradacağıq. Növbəti mərhələdə yeni gömrük ərazisi və körpünün də istifadəyə verilməsi nəzərdə tutulur”.
Alican Sərhəd Keçid Məntəqəsində işlərin tamamlanması ilə İğdırın regional ticarət və logistika baxımından önəmli mərkəzlərdən birinə çevriləcəyi gözlənilir.
2 dəqiqə