Dövlət Gürcüstan vətəndaşlarının vergi borclarını siləcək
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib
Gürcüstan hökuməti bütün fiziki şəxslərin 2021-ci il yanvarın 1-dən əvvəl yaranmış vergi borclarını siləcək. Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında deyib.
"Gürcüstanda kifayət qədər vergi borcu olan fiziki şəxslər var. Bu səbəbdən onlar iqtisadi fəaliyyət göstərmək imkanından məhrumdurlar. Ona görə də biz müvafiq borcları silmək qərarına gəldik. Xüsusilə, bütün fiziki şəxslər, o cümlədən fərdi sahibkarlar hesablanmış cərimələr də daxil olmaqla, 2021-ci il yanvarın 1-dək ödənilməmiş bütün yığılmış və tanınmış vergi borcları tamamilə silinəcək”, - Kobaxide bildirib.
Baş nazirin aydınlaşdırdığı kimi, müvafiq qanun layihəsinin qəbulundan sonra vergi amnistiyası 145 min fiziki şəxsə şamil olunacaq. Ümumilikdə 590 milyon lari (təxminən 220 milyon dollar) məbləğində borc silinəcək.